Ombudsman bəyanat verdi

Ombudsman bəyanat verdi
  31 Mart 2013    Oxunub:1633
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar bəyanat yayıb.
AzVision.az bildirir ki, bəyanat BMT-nin baş katibi, onun müavini, təşkilatın insan hüquqları üzrə ali komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici dövlətlərin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Bəyanatda erməni millətçilərinin və onların havadarlarının son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti nəticəsində xalqımızın ağır məşəqqətlərlə üzləşdiyi, soydaşlarımızın insan hüquqlarının kobudcasına, kütləvi surətdə pozulduğu diqqətə çatdırılıb. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olduğu qeyd edilib.
Bildirilib ki, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Zəngəzura, İrəvan quberniyasına, Naxçıvana və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb.

Keçmiş Sovet İttifaqının dağılması ərəfəsində yaranmış xaosdan istifadə edən Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə də ona bitişik yeddi rayonu işğal edib, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt olunub, yüz minlərlə soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənib və onların Azərbaycanda törətdikləri milli qırğınla bağlı tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və digər ərazilərdə azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıdıldığını sübut edir.
Qeyd olunub ki, bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələridir. Həmin il martın 30-da erməni-bolşevik birləşmələrinin Bakını gəmilərdən yaylım atəşinə tutması ilə başlanan hadisələrin ardınca martın 31-də və aprelin 1-2-də qırğınlar kütləvi şəkil alıb, silahlanmış erməni əsgərləri dinc əhalini amansızcasına qətlə yetirib.

Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində on minlərlə soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı qəddarlıqla öldürülüb, məscidlər, məktəb binaları yandırılıb.

Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, Cümə və Təzəpir məscidlərini, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Təkcə Quba qəzasında erməni hərbi hissələri 122 kəndi yandırıb, 60 kişi, qadın və uşağı qətlə yetirib, 53 nəfər isə yaralanıb.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə minlərlə insanın qətlə yetirilməsinin sübutu və onların xatirəsinə ehtiram əlaməti olaraq hazırda Quba Soyqırımı Muzeyi yaradılır.
Bəyanatda vurğulanıb ki, beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya ilə müəyyən olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədi ilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkib hissəsini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Ermənistan indi də dünyanın nadir ölkələrindəndir ki, terroru öz dövlət siyasətinin tərkib hissəsinə çevirib. 1918-ci il mart qırğınları və törədilmiş digər soyqırımları zamanı yüz minlərlə azərbaycanlının qatili olmuş şəxslər bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə yüksəldilib, onların xatirəsinə abidə-komplekslər ucaldılıb.

Qeyd edilib ki, zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnamə, Avropa Şurası Parlament Assambleyası Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 və 1690 saylı qətnamə və tövsiyə qəbul etsə də, Ermənistan bunları hələ də yerinə yetirmir.

Halbuki bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi tanınmış, birmənalı olaraq Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunub.

Bəyanatda qeyd olunub ki, nüfuzlu beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüququn normaları və prinsiplərinə tam uyğun həyata keçirilməlidir. İşğalçı dövlət olan Ermənistan ərazi iddialarından əl çəkərək, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək onlar öz doğma yurdlarına qayıtmalı, əsir və girovlar azad olunmalıdır.


Teqlər:





Xəbər lenti