Maraqlı iqtisadi nəzəriyyə Azərbaycanda özünü necə göstərir

 Maraqlı iqtisadi nəzəriyyə Azərbaycanda özünü necə göstərir
  16 Avqust 2021    Oxunub:17710
Əlibala Məhərrəmzadə
İqtisad elmləri doktoru, professor

İqtisadiyyatın tarixini öyrənərkən amerikalı filosof Bruks Adams öz müşahidələrini maraqlı bir nəzəriyyə şəklində formalaşdrmışdı: Kapital həmişə şərqdən qərbə doğru hərəkət edir. Bu, sivilizasiyanın yarandığı ilk dövrlərdə belə olub, indi də belədir.
Qədim dünyada kapital (və onunla birlikdə də inkişaf) Şumerdən Misirə, sonra Misirdə Yunanıstana doğru hərəkət edib. Ardınca bir qədər də qərbə - İtaliya ərazisinə üz tutub və Roma İmperiyası kimi zəngin, qüdrətli sivilizasiya yaranıb. Ardınca tədricən Almaniya və İspaniyaya tərəf addımlayıb.

Avropanın qərb sahillərinə çatandan sonra əlahəzrət Kapital qərbə canatmasını davam etdirərək, Atlatik okeanı keçib və Amerikaya adlayıb. Bu zaman artıq Bruks Adams dünyasını dəyişmişdi, amma onun nəzəriyyəsi yeni-yeni faktlarla təsdiqlənməkdə davam edirdi.
XX əsrin ortalarında bu maraqlı iqtisadi qanunauyğunluğun ölkələrin daxilində necə reallaşmasını görürük: Kapital ABŞ-ın qərbindən şərqinə doğru axmağa başlayıb. Böyük maliyyə mərkəzi əvvəlcə Nyu-York idisə, sonra yavaş-yavaş kapital Bostona, Los-Ancelesə tərəf hərəkət edir. Ötən əsrin 90-cı illərində Amerika kapitalı Yaponiyaya üz tutub (Yaponiya bizim üçün şərqdədirsə, Amerika üçün qərbdədir) . Bu əsrin əvvəllərində isə qərbə doğru zəfər yürüşü davam edib: Malayziya, Sinqapur, Çin...

Hazırda Çinin daxilində qərbdən şərqə doğru, eyni zamanda Hindistan istiqamətində kapitalın hərəkəti müşahidə olunur. Bu, o deməkdirmi ki, qarşıdakı onilliklərdə kapitalın növbəti ünvanı Orta Asiya, Rusiya olacaq? Yaşayarıq, görərik. İndi isə diqqəti başqa bir məqama yönəltmək istəyirəm.

Dediyim kimi, qanunauyğunluq ayrı-ayrı ölkələrin daxilində də özünü doğruldur. Bunu Azərbaycanda da görə bilirik: Hazırda daxili kapital şərqdən qərbə - Qarabağa doğru axır. Artıq Qarabağın bərpasına 300 milyon manatdan çox vəsait xərclənib və bu, hələ sadəcə başlanğıcdır. Yaxın gələcəkdə Qarabağın yenidən qurulmasına yəqin ki, milyardlarla manat sərf ediləcək. Yəni Azərbaycanın daxilində də “Bruks qanunu” özünü doğruldur: Kapital şərqdən qərbə doğru yerdəyişmə edir.

Buradan həm praqmatik, həm də nəzəri nəticələr çıxarmaq lazımdır. Yaxın gələcəkdə yatırımın əsas ünvanı ölkənin qərbi olacaq. Demək, biznes ideyaları olan, uyğun startaplar yaratmağı planlaşdıran şəxslər həmin fürsətləri izləməlidirlər.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, tarixən kapitalın şərqdən qərbə doğru hərəkəti həmişə inkişafı gücləndirən bir axın olub. Kapitalın yeni mənzili hər zaman əvvəlkindən daha üstün formalaşıb. Necə ki, Misir Şumerdən, Afina Misirdən, Roma Afinadan, Amerika Britaniyadan daha çox inkişaf etmişdilər. Ona görə, hazırda Çini maraqla müşahidə edirik, amma təkcə Çini yox.

Mənim gözləntim budur ki, yaxın onillikdə Qarabağ bölgəsi inkişafına görə Azərbaycanın bütün digər ərazisini, hətta Bakını da üstələyə bilər. Bu, təkcə siyasi məsələ deyil. Bəşəriyyətin bütün tarixi təsdiqləyir ki, kapitak şərqdən qərbə hərəkət edir, çatdığı yerdə daha yüksək səviyyə formalaşdırır və özünü əvvəlki ünvanına pozitiv təsirlər göstərməyə başlayır. Bu mənada, mən Azərbaycanın gələcəyinin Qarabağda qurulacağını və oradan bütün ölkənin inkişafını müəyyən edən impulsların gələcəyini güman edirəm.

Bu gün Qarabağ Azərbaycandır, sabah isə Azərbaycan Qarabağ olacaq.

Əlibala Məhərrəmzadə
İqtisad elmləri doktoru, professor
Azvision.az üçün


Teqlər: İqtisadiyyat  





Xəbər lenti