Ən yüksək bal toplayan tələbə ilə MÜSAHİBƏ

Ən yüksək bal toplayan tələbə ilə MÜSAHİBƏ
  18 Mart 2014    Oxunub:6850
AzVision.az saytı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəsmi Facebook səhifəsinə istinadən magistratura imtahanının I mərhələsində ən yüksək bal toplayan abituriyent Şəhla Səmədli ilə müsahibəni təqdim edir:

AzVision.az həmin müsahibəni təqdim edir:

Qeyd edək ki, Şəhla qeyd olunan imtahanda 100 mümkün baldan 97 bal toplayıb.

- Hansı ali təhsil müəssisəsinin məzunusunuz?

- Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbəsiyəm.

Bilik yarışmasının birincisi olmaq hisslərini bizimlə bölüşərdiniz.
İmtahan nəticəm barədə mənə müəllimlərim məlumat verdilər. Eşidəndə ki, 97 bal toplamışam çox sevindim. Müəllimlərim, tələbə yoldaşlarım, fakültəmizin rəhbərliyi məni təbrik etdilər. Həmin gün fakültəmizdə bütün diqqətlər mənə yönəlmişdi. Təbii ki, bu hissləri yaşamaq olduqca xoş idi. Mən bakalavr səviyyəsinə qəbul imtahanı verəndə də nəticəm yüksək olub. 690 bal toplamışdım. Amma etiraf edim ki, həmin vaxt bu qədər sevinməmişdim. İmtahan öncəsi çox həyəcanlı idim. O vaxtkı uğurumun davamını gətirmək məqsədini qarşıma qoymuşdum. İndiki nəticəm abituriyent zamanı topladığım baldan çox asılıdır. Çünki o zaman topladığım 690 bal mənə bu imtahanda stimul oldu.

- Deməli, bakalavr səviyyəsinə qəbul imtahanında da ən yüksək nəticə göstərən abituriyentlərdən biri olmusunuz. Sizcə, təhsil sahəsində belə uğurları qazanmaq üçün nə etmək lazımdır?

- Hansı sahə olur olsun, ilk növbədə, insanın qarşısında aydın məqsədi olmalıdır. Və həmin məqsədə çatmaq üçün yorulmadan çalışmaq lazımdır. Günlük, həftəlik, aylıq planların tərkib hissəsinin əsasını oxumaq təşkil etməlidir. Bu zaman vaxt bölgüsünü də düzgün aparmaq lazımdır. İstər orta məktəbdə oxuyarkən, istərsə də universitetdə təhsil alarkən imtahan keçirilən fənlərlə kifayətlənmək olmaz. Bütün fənləri yaxşı oxmaq lazımdır. İmtahan xatirinə bütün diqqəti konkret fənlərə yönəldəndə yüksək ixtisaslı mütəxəssis kimi yetişmək mümkün olmur.

- İmtahana səmərəli hazırlaşmaq üçün hansı üsulu effektiv hesab edirsiniz?

- TQDK-nın nəşr etdiyi jurnallar, Komissiyanın internet saytı mənim üçün ən başlıca mənbələrdən biri idi. Mənim fikrimcə, bu vasitələrlə gələcək imtahan iştirakçıları tam ətraflı təlimatlandırılır. Bu məlumatları diqqətlə təhlil edən gənclər imtahan verəcəkləri fənlərlə yanaşı imtahana texniki baxımdan da hazırlıqlı olurlar. Qaldı ki, imtahan suallarına, bütün suallar qəbul proqramı əsasında hazırlanır. İmtahana proqram əsasında hazırlaşanda və proqramı tam mənimsəyəndə suallar heç də çətin gəlmir.

- İmtahanın təşkili ilə bağlı nə deyə bilərsiniz? Sizin olduğunuz imtahan mərkəzində imtahanın aparılmasından razı qaldınızmı?

- Mən indiyə kimi iştirak etdiyim hər iki qəbul imtahanının təşkilindən razı qalmışam. Bu dəfə Nəsimi rayonunda yerləşən orta məktəbdə imtahan verdim. İmtahanı idarə edən müəllimlər imtahanı qaydalar çərçivəsində həyata keçirdilər. Bir sözlə, imtahanı rahat verməyimiz üçün lazım olan bütün şərait yaradılmışdı.

- Qarşıda sizi magistraturaya qəbul imtahanının II mərhələsi gözləyir. Həmin imtahanda necə, yüksək nəticə əldə edəcəyinizə inanırsınızmı?

- Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, II mərhələnin imtahanı məni o qədər də qorxutmur. Çünki öz ixtisasımdır. Düzdür, IV kursda tələbənin təhsil yükü çox ağır olur. Diplom işi, dövlət imtahanı. Buna baxmayaraq, çalışacağam ki, qalan vaxt ərzində II mərhələnin qəbul proqamı əsasında daha yaxşı hazırlaşım və yenə də yüksək nəticə əldə edim.

- Magistratura səviyyəsində təhsilinizi hansı istiqamətdə davam etdirmək istəyirsiniz?

- Yalnız öz ixtisasım üzrə.

- Karyeranızla bağlı planlarınız nədən ibarətdir?

- Təhsil sahəsində çalışmaq istəyirəm. Oxuduğum Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmaq arzusundayam. Həmçinin elmi fəaliyyətimi də davam etdirəcəm.

- Qəbul imtahanlarına hazırlaşan gənclərə nələri tövsiyə edərdiniz?

- İmtahana çox ciddi yanaşmaq lazımdır. Gənclər bilməlidilər ki, onların gələcək arzularının reallaşması məhz həmin imtahandan keçir. Bunun üçün oxumağa mümkün qədər çox vaxt ayırmaq, ümumilikdə hazırlıq prosesini sistemli qurmaq lazımdır. Arada istirahət etməyi də unutmasınlar. Onlar bilməlidirlər ki, bilik hər zaman qiymətləndirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti