Yanğınlar Türkiyəyə nə qədər ziyan vuracaq? – Ekspert rəyi

   Yanğınlar Türkiyəyə nə qədər ziyan vuracaq? –    Ekspert rəyi
  09 Avqust 2021    Oxunub:1831
Artıq 10 gündən çoxdur ki, qardaş ölkəmiz Türkiyə meşə yanğınları ilə mübarizə aparır. Bu da bir növ müharibədir; yanğınsöndürənlərimiz döyüş meydanında alovla savaşarkən, biz düşməni daha yaxşı tanımaq üçün onu düzgün qiymətləndirməliyik.
İqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadənin Azvision.az -a dediyinə görə, Türkiyədə meşə yanğınlarının statistikası və təhlili 1937-ci ildən sistematik şəkildə aparılmağa başlayıb. 1937-2002-ci illərdə ölkədə 72 min yanğın olub və 1,5 milyon hektar meşə yanıb. Bəs bu, çoxdur, ya az?
- Müqayisə üçün deyək ki, bu gün Türkiyədə meşələrin ümumi sahəsi 20,7 milyon hektardır. Bu, ölkə ərazisinin 26.4%-i edir. Halbuki, Almanya ərazisinin 30,7, Yunanıstanın 46,7, İtaliyanın 47, Yaponiyanın 67,8, ABŞ-ın 32,4, Finlandiyanın 76,7%-i meşələrlə örtülüdür. Bunların fonunda Türkiyədəki 26.4% məqbul görünmür və sanki meşəli Avropa ilə quraq Yaxın Şərq arasında bir keçid halqasıdır,- deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, yerli mütəxəssislər müxtəlif araşdırmalarında göstərirlər ki, iqlim şərtlərini nəzərə alanda, Türkiyədə meşə örtüyü azı 50% olmalı idi. Onu 26,4%-ə endirən səbəblərin statistikası belədir:
38% - Diqqətsizlik (Tonqalları söndürməmək, yerə siqaret atmaq və s.)
12% - Qəsdən törədilən əməllər (Əkin sahələrini genişləndirmək və s. məqsədlər üçün)
3% - İldırım düşməsi
47% - Naməlum səbəblər (Bunların da çoxu güman ki, insan faktoru ilə bağlıdır).
Hazırkı yanğınların səbəbinin bunların hansına aid olduğunu yəqin ki, istintaq göstərəcək. Amma ümumi acınacaqlı mənzərə belədir ki, Türkiyədə son 10 ildə 23877 yanğında azı 66 min hektar meşə sahəsi zərər çəkib.


Əlibala Məhərrəmzadənin sözlərinə görə, bu bəla ilə mübarizə aparmaq üçün ölkə hər il ortalama 300 milyon dollar xərcləyir. Amma belə görünür ki, həmin vəsait azdır. Çünki hər il 1100 meşə yanğını ilə üzləşən ölkə onların söndürülməsinə daha hazırlıqlı olmalı idi:
- Yəqin ki, bundan sonra sistemi dəyişmək, preventiv mexanizmlər qurmaq və qabaqlayıcı, çevik reaksiyalar verməyə köklənmək lazımdır. Buna pul əsirgəmək olmaz, çünki əks halda, həmin pul başqa tərəfdən çıxacaq. Məsələn, son 10 ildə meşə yanğınlarının söndürülməsinə və yanmış ərazilərin bərpasına 1.7 milyard lirə (təxminən 200 milyon dollar) xərclənib. Amma itkilər təkcə bununla yekunlaşmır axı. Meşə yanğınları kənd təsərrüfatı, turizm, sənaye, su təsərrüfatı və meliorasiya sahələrinə də ciddi ziyan vurur. Türkiyə meşələrinin 75%-i sahil bölgələrindədir. Turizm potensialı da əsasən həmin zonada cəmləşib. Üstəlik, yanğınların 97%-i, yəni praktik olaraq elə hamısı aktiv turizm mövsümü olan iyun-oktyabr aylarında baş verir. Təbii ki, heç bir turist tüstü iyi gələn havada və ümumi gərginlik fonunda dincəlmək istəməz.
Türkiyə əhalisinin təxminən 10 milyon nəfəri meşəli ərazilərdə yaşayır və sözün birbaşa mənasında meşədən dolanırlar. Yəni iqtisadi fəaliyyətləri meşə ilə bağlıdır. Bu isə meşə yanğınlarının həm də ciddi sosial problemlərə səbəb olması deməkdir.

Professor Türkiyədəki vəziyyəti iki il əvvəl İndoneziyanı bürüyən geniş yanğınlarla müqayisə edir: “Müqayisə üçün belə bir rəqəm gətirim. Dünya Bankının hesablamalarına görə, 2019-cu ildə İndoneziyada baş verən meşə yanğınları ölkə iqtisadiyyatına birbaşa 157 milyon dollara başa gəldiyi halda, bütün dolayı təsirləri də nəzərə alınmaqla, ümumilikdə 5,1 milyard dollar ziyan vurub. Bu, ölkə ÜDM-nin 0.5 faizi deməkdir. Hesabatda bütün detallar, hətta havaya qalxan kabon qazının insanların səhhətin uzunmüddətli təsiri də nəzərə alınmışdı. Türkiyədəki hazırkı yanğın miqyasına görə əvvəlkilərdən fərqlənir. 10 gün ərzində əvvəlki 10 ildəki qədər ziyan dəyib. Təxminən 200 min hektarlıq meşə külə dönüb. Türkiyədə müxalifəti təmsil edən millət vəkillərindən biri dəyən ziyanın 300 milyard lirə, yəni təxminən 35 milyard dollar olacağını bildirib. Reallıqda qiymətləndirmək asan deyil, çünki məsələn, 2019-cu ildə Manavqatın turizmdən gəliri 4,5 milyard dollar olubsa, indi onun azalması təkcə yanğın yox, həm də koronavirusla bağlıdır. Yanğınlar turizmin bərpa tempini müəyyən qədər ləngitdi.
Bütün hallarda, dəyən ziyan kifayət qədər ciddi rəqəm olmaqla, Türkiyəmiz üçün ağır yükdür. Qardaş ölkə meşə yanğıları ilə mübarizə üçün mütləq yeni, effektiv metodlar tapmalıdır və inanıram ki, tapacaq da”.

Azvision.az


Teqlər: Yanğın   Türkiyə  





Xəbər lenti