Onda sığar iki cahan: Rasim Balayevin 73 yaşı tamam olur

      Onda sığar iki cahan:    Rasim Balayevin 73 yaşı tamam olur
  08 Avqust 2021    Oxunub:3916
Rasim Balayev sadəcə aktyor deyil, bizim üçün Azərbaycan tarixinin canlı portretinə çevrilən şəxsdir; eitraf edək, “Nəsimi” deyəndə çoxumuzun gözünün önünə məhz onun siması gəlir. Biz Nəsimini ayrı cür təsəvvür edə bilmirik. Eləcə də Bamsı Beyrəyi. Reallıqda Babəkin yəqin ki, Rasim müəllimin göstərdiyi qədər eleqant olmadığını anlayıram, amma yenə də məhz onun yaratdığı obrazın təsirindən çıxmaq olmur.
Bir aktyor Azərbaycan tarixinin ən məşhur şəxsiyyətlərinə öz simasını bəxş edib və hamısı üçün də standarta çevrilməyi bacarıbsa, bu, şəksiz dahilikdən xəbər verir. Mənə elə gəlir, əgər sovet vaxtı Şah İsmayıl Xətainin haqqında film çəkilsəydi, onu da Rasim Balayev oynayacaqdı və bu gün biz Şahı məhz başındakı dolaması, qulağındakı sırğası, çiyninə tökülən saçları ilə o illərin Rasim Balayevi kimi təsəvvür edəcəkdik. Heyif.

Rasim Əhməd oğlu Balayev 1948-ci il avqustun 8-də Ağsuda doğulub. 1965-ci ildə orta məktəbi bitirəndən sonra Bakı şəhərinə gələrək, Teatr İnsitituna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Burada Mehdi Məmmədov, Müxlis Cənizadə, Rza Təhmasib, Ələmdar Quluzadə və başqalarından dərs alıb.


Ötən əsrin 60-70-ci illəri Azərbaycan sovet kinosunun qızıl dövrü idi. İndi də zövqlə, doymadan, bezmədən baxdığımız filmlərin çoxu məhz o illərdə çəkilib.
YUNESKO-nun qərarı ilə 1974-cü il İmadəddin Nəsimi ili elan ediləndə Azərbaycan SSRİ-də də dahi şairin 600 illik yubileyinə hazırlıq işləri başlayır. Qərara gəlinir ki, Nəsimi ilə bağlı film çəkilməlidir. İsa Hüseynovun “Məşhər” romanının əsasında çəkiləcək filminin quruluşçu rejissoru Həsən Seyidbəyli uyğun aktyor axtararkən Rasim Balayevi kəşf edir. Onlar altı ay məşq edirlər. “Kadrdan-kadra nəsimiləşdi. Onun bütün varlığından Nəsimi ehtirası, Nəsimi şeiriyyəti, Nəsimi dəyanəti sızmağa başladı”, - sonradan Həsən Seyidbəyli Rasim Balayevin haqqında belə yazırdı.

Həmin vaxt Rasim Balayevin 25 yaşı vardı. Bu qədər gənc və təcrübəsiz aktyora Nəsimi kimi mürəkkəb, dərin rolu həvalə etmək çox cəsarətli və mübahisəli qərar olmalı idi, oldu da. Ali Sovetin o vaxtkı sədri Qurban Xəlilov rejissor Həsən Seyidbəyliyə bir neçə dəfə deyir ki, belə çətin, məsuliyyətli rol üçün təcrübəli aktyor seçsin. Amma sonradan filmin necə alındığı görəndə gənc aktyordan şəxsən üzr istəyir.


“Nəsimi” Bakıda keçirilən Ümumittifaq Kino Festivalında ən yaxşı tarixi film mükafatına layiq görülür. Filmin həm ölkə, həm İttifaq, həm də dünya səviyyəli uğuru Rasim Balayevin sonrakı karyerasını müəyyən edən əsas amilə çevrilir. 1975-ci ildə “Dədə Qorqud”, 1979-cu ildə “Babək” filmləri isə Balayevi milli tarixi kinonun əsl ulduzuna çevirir.
Məşhur qəhrəmanımızın “Qırx il kölə kimi ömür sürməkdənsə, bir gün azad yaşamaq yaxşıdır” sözləri məhz Rasim Balayevin dilindən, onun səsi, intonasiyası, məntiqi vurğuları ilə yaddaşımıza həkk olub. Eləcə də Nəsiminin “Qorxdular həqq deməyə, döndülər, insan dedilər” misrası. O, təsirli səsi, güclü maqnetizmi, ekran xarizması və mükəmməl oyun texnikası ilə tarixi personajlarla müasir tamaşaçının arasında həqiqi körpü olmağı bacarıb, onların enerjisini, emosiyalarını ekrandan bizə ötürüb. Ancaq dahi aktyorlara xas olan bu istedad Rasim müəllimdə vardı.


60-70-ci illərdə bütün dünyada istər çəkiliş, istərsə də oyun texnikaları indiki qədər mükəmməl deyildi. Məsələn, həmin illərdə Türkiyədə çəkilən tarixi filmlərə bu gün təbəssümsüz baxmaq mümkün deyil. Amma Rasim Balayev pafossuz, səmimi oyunu və yaratdığı qəhrəmanların daxili dünyasını tədqiq etməsi sayəsində ortaya elə mükəmməl aktyor işləri qoymuşdu ki, nəinki öz dövründə, hətta indi də tamamilə inandırıcı görünür. Onu öz dövrünün aktyorları ilə müqayisə edəndə dünya səviyyəli ulduzlara belə uduzmadığını görürük. Məsələn, şəxsən mənə görə “Spartak” (Stenli Kubrik, 1960) , “Kleopatra” (Cozef Mankeviç, 1963) kimi filmlərdə baş rolların ifaçıları Kirk Duqlas Riçard Bertonla tutuşduranda, Rasim Balayev daha effektli görünür. Babəkin oğlu ilə vidalaşması dünya kinosunda ən güclü anoloji səhnələrdən biridir.

“Qaçaq Nəbi”, “Göz qabağında şeytan”, “Arxadan vurulan zərbə” kimi filmlərdə yaratdığı obrazlar göstərirdi ki, Rasim Balayev təkcə qəhrəmanları yox, istənilən, hətta ikinci plan obrazlarını da mükəmməl yaradır, personajların girovluğunda qalmır. Məsələn, biz Cəbiyə baxanda qətiyyən Beyrəyi, Səlim bəyə baxanda əsla Babəki görmürdük. Aktyor hər obrazı özünəməxsus, müstəqil personaj kimi yarada bilmişdi.


Sovet kinosunun aktyoru olmaq Rasim Balayevin daha çox xoşbəxtliyi idi yoxsa faciəsi? Cavab vermək çətindir. Amma yəqin ki, daha çox faciəsi. Fakt budur ki, o, istər maddi, istərsə də mənəvi baxımdan qazana bildiklərindən qat-qat daha artığına layiq idi. Bir sənətkar kimi o, zaman şkalasında SSRİ-dən bu yana keçmədi, daha doğrusu, çox az hissəsi keçdi. Biz onu Nəsimi kimi tanıyırıq, amma Hüseyn Cavid kimi yox. Aktyor həmin aktyordur, əsla zəifləməyib, hətta daha da kamilləşib, amma kino həmin kino deyil. Sovet kinosunu rasim balayevlər, rasim balayevləri sovet kinosu yaratmışdı, onlar qapalı simbiotik dairə əmələ gətirirdilər. Təəssüf ki, tərəflərin biri məhv olanda dairə də dağıldı...

Rasim müəllim mahiyyətcə böyük gəmi idi, ona üzmək üçün böyük hövzələr lazım idi. Fəqət təəssüf ki, dünya kinosuna çıxa bilmədi, ölkə daxilində isə görəcəyi elə bir iş qalmamışdı. Əlbəttə, müstəqillik dövründə oynadığı rolların da hamısı şəksiz-şübhəsiz böyük sənətkar işləridir, amma miqyas artıq o deyildi. Müsahibələrinin birində dediyi “Mən filmə cavabdeh deyiləm, filmə rejissor cavabdehdir. İstəyirəm ki, nəyi oynayıramsa, onu vicdanla oynayım. Yalnız öz roluma cavabdehəm, bütün filmə yox” sözlərilə sanki özünə bəraət qazandırmağa çalışırdı...

Maraqlıdır ki, ekranda bu qədər tarixi qəhrəmanlar yaradan aktyor müsahibələrində "mən həyatda adi bir insanam " sözlərini tez-tez təkrarlayır. Sanki tamaşaçını özünün haqqında gerçəkdən uzaq təsəvvürlərə qapılmaqdan çəkindirməyə çalışır.
Müstəqillik dövründə onu istər-istəməz kino boşluğundan siyasətə, inzibati qalmaqallara tərəf dartmaq cəhdləri də olub. Məsələn, parlament seçkisində uğursuz iştirakı, 2012-ci ildə Kinematoqrafçılar İttifaqı parçalananda Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi strukturda qalması sənətkarın siyasətlə lazımsız təmaslarına səbəb olurdu. Və hər dəfə də onun özünə və başqalarına “Mən oynadığım qəhrəmanlar deyiləm” mesajını verməsilə yekunlaşırdı. İTV-nin köhnə rəhbəri Cəmil Quliyevlə konfliktləri hətta o həddə çatmışdı ki, efirdə aktyorun sifətinin görünməsinə qadağa qoymuşdu...
Sonuncu qalmaqallı hadisə 2019-cu ilin martında prezident və xanımı incəsənət adamları ilə görüşərkən olmuşdu – Rasim Balayev həmin görüşə dəvət edilməmişdi. Amma bunun ardınca dövlət başçısı aktyora zəng vuraraq, təkliflərini soruşmuş, bildirmişdi ki, ona münasibəti çox yaxşıdır, görüşə dəvət olunmaması isə siyahını tutanların günahıdır...

“Mən demirəm ki, qəhrəmanam. Amma hansısa bir hərəkəti edəndə buna kənardan nə deyərlər deyə götür-qoy edirəm. Bu yaşıma kimi hər gün gecə yatmazdan əvvəl mən özüm üçün iclas etmişəm. Hər bir insan öz vicdanı qarşısında gərək hesabat versin” (Rasim Balayev).

Rasim müəllim özünü qəhrəman saymaya bilər, amma bizim üçün o, həqiqi qəhrəmandır. Onun taleyi Azərbaycan kinosunun taleyini özündə əks etdirir. Sənətkar elə bir həyat yaşayıb ki, uğurlarının səbəbi özündə, uğursuzluqlarının günahı isə başqalarında olub – o cümlədən də, dövrdə də cəmiyyətdə. Bu isə elə qəhrəmanlıq deməkdir.

Vüsal Məmmədov
Azvision.az


Teqlər: Kino   Aktyor   Rasim-Balayev  





Xəbər lenti