"Ermənistanda məğlublar elitası yaranıb"- Vardanyan

  30 İyul 2021    Oxunub :643
   "Ermənistanda məğlublar elitası yaranıb"-   Vardanyan
Tanınmış erməni ictimai xadim, “Hayastan” fondunun keçmiş direktoru Ara Vardanyan ölkəsindəki ağır durumdan gileylənib. Azvision.az xəbər verir ki, yerli mediaya müsahibə verən Vardanyan bir vaxtlar qələbə ilə öyünən erməni xalqının hazırda məğlubiyyət sindromundan əziyyət çəkdiyini bildirib.
“Müharibədə qələbə hərbi elita yaradır. Biz bunun 90 -cı illərdə şahidi olmuşuq. Bu təbəqəni ölkə daxilində tənqid etdik. Bəzi hallarda haqlı olduq. Hətta hərbi elitanın daha da güclənməsi üçün tənqid olunan bəzi üzvlər haqqında mövcud olmayan miflər uydurduq. Razılaşın ki, bu belə idi. Millətin maksimum 1 faizinin əsl döyüşlərlə əlaqəsi olmuşdu. Lakin hamı tərifləndi. Görün biz milli səviyyədə nələr etdik. Həmin hərbçilər sonradan evlərinə dönərək soyğunçuluğa, yeyintilərə başladılar”.

Vardanyan qeyd edib ki, bu cür yolunu azmalar sonda iki məsələni ortaya çıxarmalı idi. Ya bütün günahkarların cəzalandırılması və onlara qarşı çox qəddar münasibətin sərgilənməsi, ya da məğlubiyyətin qanuniləşdirilməsi:

“Düşünməyin ki, seçkilər məğlubiyyətimizi qanuniləşdirdi. Xeyr, min dəfə xeyr. Məğlubiyyət cəza tədbirlərinin olmaması ilə qanuniləşdirildi. Niyə cəza tədbiri yox idi? Çünki hamı başqasının nə isə edəcəyini gözləyirdi. Bəli, hamı gözləyirdi.

Ermənilər təşvişdə: Kreml İrəvanı məhv edən planı işə salıb?
Nəticədə, İkinci Qarabağ müharibəsindən sonra bizdə məğlublar elitası yarandı. Onlar uğursuzlar, itirənlər, təhvil verənlər və daha da pis bir simvola çevrildikləri üçün indi heç kim təəccüblənmir. Bu gün Ermənistan xaricində ölkəsinin liderləri ilə fəxr edə biləcək bir erməni belə yoxdur ”.

Vardanyanın sözlərinə görə, bu gün 90 -cı illərin qaliblərini, həmin o 1 faizi məğlubiyyətin günahkarı kimi göstərməyə çalışırlar. İttiham isə eynidir: yedilər, soydular.

“Niyə köhnələri cavabdeh çıxarmaq olar axı? Bunun çox sadə cavabı var. Çünki konkret kimin günahkar olduğunu çoxları bilmir. Gəlin məğlubiyyəti unudaq. Həmişə qələbəni xatırlamaq və məğlubiyyəti tez unutmaq istəmişəm. Çox az adam döyüldükdən sonra necə reaksiya verəcəyini düşünür. Əksəriyyət növbəti dəfə döyəni görmək üçün küçəni keçməyi üstün tutur. Biz hazırda kollektiv obraz olaraq həmin küçəni keçməyi üstün tutduq.

1992-ci ildə, hər şeyin itirildiyi görünən bir vaxtda müharibədə qalib gələcəyimizlə bağlı ümid yox idi. Amma bir neçə fiqur çoxdan gözlənilən qələbəni gətirdi. Bu gün isə ölkəmizi küçədən keçənlər idarə edir. 30 il sonra heç nə dəyişmədi. Eyni 1% -ə ümid edirik",-Vardanyan bildirib.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Elita   Qarabağ   Məğlubiyyət   Ermənistan  







Xəbər lenti