“Bakı Bəyannaməsi”nin mətnindəki strateji eyhamlar – TƏHLİL

   “Bakı Bəyannaməsi”nin mətnindəki strateji eyhamlar –    TƏHLİL
  30 İyul 2021    Oxunub:4470
Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ilk üçtərəfli toplantısının nəticəsində qəbul olunan “Bakı Bəyannaməsi” müdafiə, nəqliyyat, enerji, təhsil, turizm və rabitə sahələrində ölkələrarası münasibətlərin dərinləşməsini nəzərdə tutur. Bəyannamənin mətnində hər üç ölkənin yerləşdikləri regionda sülh, sabitlik və inkişafın əldə edilməsində xüsusi rolları vurğulanır və gələcəkdə bu istiqamətdə fəaliyyətin daha da dərnləşməsi üçün strateji iş birliyinin qurulmasının vacibliyi qeyd olunur.
Bəyannamədə beynəlxalq hüquq normaları rəhbər tutularaq, hər bir ölkənin tərəfdar çıxdığı və yaxud, qoşulduğu beynəlxalq müqavilələr üzrə öhdəliklərinin uzlaşdırılması üçün yenidən təsdiq olunmasının vacibliyi də vurğulanır. Bu, üçtərəfli yaxınlaşmanın niyə məhz parlamentlər səviyyəsində başlanmasını izah edən əsas məddə hesab oluna bilər. Söhbət ondan gedir ki, üç ölkə arasında strateji ittifaqın yaradılması üçün ilk növbədə qanunvericilik sahəsində geniş iş aparılacaq, ölkələrin beynəlxalq müqavilələr üzrə öhdəlikləri araşdırılacaq və sonrakı mərhələdə yeni yaranan üçlü birliyin məqsəd və vəzifələrinə uyğun dəyişdirilərək, yenidən təsdiqlənəcək. Güman ki, məhz qanunvericilik sahəsində ölkələrarası uzlaşma həyata keçirildikdən sonra gələcək ittifaqın konturlarının müəyyən edilməsi ilə bağlı konkret addımlar atılacaq.

Doğrudur, bəyannamədə “ittifaq”, yaxud “birlik” ifadələrindən istifadə olunmasa da, xaricdən dəstəklənən terror, kiberhücum, hibrid müharibə təhdidləri, artan islamofobiya meyilləri və COVİD-19 pandemiyasının yaratdığı iqtisadi fəsadlarla birgə mübarizənin əhəmiyyəti nəzərə alınmaqla, ölkələrarası parlamentlər səviyyəsində dialoq və iş biryinin yaradılmasının nəzərdə tutulduğu qeyd olunur. Eyni zamanda, Ermənistanın işğalçı dövlət olması və 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin olunması münasibətilə xalqımıza təbrik də bəyannamədə öz əksini tapıb. Burada diqqət çəkən məqam mətndə “Azərbaycan ərazilərinin işğaldan azad edilməsi” deyil, “ərazi bütövlüyünün təmin olunması”nın vurğulanmasıdır. Bu, Azərbaycanın daxilində ermənilərə hər hansı statusun verilməsi yaxud, xarici ölkənin hərbi qüvvələrinin hansısa əraziyə nəzarətininin mümkünsüzlüyünün Azərbaycanla bərabər, Pakistan və Türkiyənin bəyan etməsi anlamına gəlir.

Ümumilikdə götürüldükdə Bakı Bəyannaməsini Azərbaycan, Pakistan və Türkiyə arasında illərdir mövcud olan strateji tərəftaşlığın üçtərəfli ittifaqa çevrilməsi yolunda atılmış ilk addım kimi qiymətləndirmək olar. Bu üçtərəfli strateji ittifaq gələcək regional dominantlığa hesablanmış birliyin xəbərçisidir və sonrakı mərhələdə başqa dövlətlərin, məsələn Orta Asiya ölkələri və hətta Əfqanıstanın belə bu birliyə qoşulması mümkündür. Qeyd edək ki, növbəti belə toplantı 2022-ci ildə İslamabadda keçiriləcək.

Hazırki dövrdə isə hələ ki, simvolik xarakter daşıyan yaxınlaşmanın altında hər üç ölkənin öz maraqları dayanır və ilk növbədə ölkələr onu təmin etməyə çalışırlar. Azərbaycan üçün dünyanın ən güclü ordularından birinə və əlavə olaraq, nüvə silahına malik Pakistanla strateji tərəfdaşlıq ilk növbədə dövlətimizin üzləşə biləcəyi mümkün təhlükə və təhdidlərdən sığortalanması anlamına gəlir. Burada söhbət bütün istiqamətlərdən gələ biləcək mümkün təhlükələrdən gedir.

Əfqanıstandan Amerika qoşunlarının çıxması bu ölkənin region üçün təhlükə mənbəyinə çevrilməsinə səbəb ola bilər. Artıq Türkiyə Əfqanısandan axın edən qaçqınların qarşısını almaq üçün İranla sərhədində divar hörməyə başlayıb. Eyni axının Azərbaycan ərazisinə də gəlməsi mümkündür. Pakistan və Türkiyənin gələcəkdə Əfqanıstana nəzarəti həyata keçirəcək dövlətlər olacağını nəzərə alsaq, Azərbaycanın bu prosesdə mühüm rola malik olacağını indidən demək mümkündür.

Pakistan üçün Azərbaycanla tərəfdaşlıq ilk növbədə Avropaya açılan strateji dəhlizə çıxış əldə etmək anlamına gəlir. Bu mənada Pakistan Hindistandan daha əlverişli mövqe qazanır. Azərbyacanın Pakistanla tərəfdaşlığa birtərəfli şəkildə deyil, Türkiyə ilə birgə daxil olması prosesdə balans yaratmaq məqsədi daşıyır. Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində bizim tərəfdə olmasının səbəblərindən biri dostluq və islam həmrəyliyi idisə, digər səbəbi Zəngəzur dəhlizindən Türkiyəyə çıxış əldə etmək istəyi idi.

Tofiq Vahid
Azvision.az


Teqlər: Bakı-Bəyannaməsi  





Xəbər lenti