"Ürəyimin odu sönüb, közü isitmir" - 80 yaşını qeyd edən Flora Kərimova

 "Ürəyimin odu sönüb, közü isitmir" -  80 yaşını qeyd edən Flora Kərimova
  23 İyul 2021    Oxunub:5696
Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür. Sevimli müğənnimiz 80 yaşını qeyd edir. Ağdamın işğalı gününə düşdüyü üçün o heç vaxt ad gününü keçirmirdi. Ağdam azaddır, amma o yenə də ad gününü qeyd etmir. Bəs indi səbəb nədir? Əfsanəvi müğənni ürəyini sıxan dərdləri AzVision ilə bölüşüb.
- Flora xanım, ötən il də sizinlə doğum günü müsahibəsi etmişdim. O zaman Ağdamın işğalı gününə düşdüyü üçün heç vaxt qeyd etmədiyinizi demişdiniz. Bu il isə hər şey fərqli oldu...
- Qarabağın azadlığı uğrunda savaş bizə fərəh, qürur verdi. Namusumuzu bir daha təsdiq etdi. Dövlət başçımız, övladlarımız sağ olsun. Şəhidlərimizin məzarı nurla dolsun. Şəhid analarının gözünün yaşı qurumayıb, ona görə də mənim üçün 23 iyul Ağdam günü kimi qalır. Nə qədər yaşayacağımı bilmirəm. Torpağımız son məsafəsinə qədər azad olunmayana qədər mənim üçün ad günü yubileyi yoxdur. Qarabağın geri qaytarılması qanımızın, cavanlarımızın canının, genofondumuzun bahasına başa gəlib. Neçə gəlin ocaq başında qismətin gözləyir, neçə övlad ata nəvazişindən məhrum olub. Mən indi yubiley qeyd edə bilərəmmi?! (ağlayır). Vicdan cəladdır, qızım. O səninlə addımlayır, yaxud, səndən çox qabaqda gedir ki, hansısa sayğısızlığına sipər olsun. O insandan kənarda olan, insana diqtə edən, idarə edən böyük qüdrətdir. Onu da yaradan insana ya verər, ya verməz.


Ona görə də, nə qədər bayram olursa-olsun, vicdan buna icazə verməz. Millət olaraq yaralıyıq. Ürəyimiz qan ağlayır. Bu yaxınlarda bir ana şəhid balasına toy edirdi, onun üçün xonça bəzəmişdi. Bunu görüb özümə necə ad günü keçirə bilərəm?!

- Şuşanı gedib gördünüz. Budamı əhvalınızı açmadı ?
- Mən ora millətimin bir fərdi olaraq, qalib kimi getdim. Ancaq hər addımımda torpağa axan cavanlarımızın qanını hiss edirdim. İnanırsınız ki, o torpağa ayaq basmaq da günahdır. Çünki torpağa hopan şəhid qanı var. Orada gəzməyi belə adam özünə rəva bilmir. Yadıma Şuşanın nəyin bahasına alındığı düşəndə içim göynəyir. Mənim 80 yaşım var. Mən bu torpağın pis gününü də, yaxşı gününü də gördüm.

- Gəlin, söhbətimizin bir az səmtini dəyişək. Yaşa qayıdaq. Deyirlər, yaş kişinin var-dövlətidir. Bəs bir xanım üçün yaş nə deməkdir?
- İllərin taleyi, dərd, gözüyaşlı həyat, hansısa bir addımlarıyla yaralı ürəyi sevindirmək cəhdidir yaş.

Həmişə deyirlər ki, "qəlbin cavan olsun, ürəyin qocalmasın". Mən bu sözü sevmirəm. Zəhləm gedir. Əzab çəkən insanın ürəyi ancaq arsız olarsa, qocalmaz. Ona görə də, özümü arsız insanlara aid etmirəm. Allah bunu mənə rəva görmədi. Hər şeyə reaksiyam gözümün yaşı olur. Mənə elə gəlirdi ki, bu müharibə çoxlarına dərs olacaq. İnsanların şüurunu dəyişəcək. Amma belə olmadı. Bir müddət əvvəl məmurun şəhid anasına hörmətsizliyini görəndə başa düşdüm ki, qanmazı heç kim və heç nə islah edə bilməz. O qadının oğlu sağ olsaydı, sən ona belə hörmətsizlik edə bilərdinmi? Səni parça-parça edərdi. Və sən buna da layiqsən. Bu cür insanlar urvatsız yaşayıb, urvatsız da ölür.


- Bu gün kimin təbrik zəngi ürəyinizi sərinlədər?
- Mən bu yubileyi keçirmirəmsə, deməli, ondan imtina etmişəm. Övladlarım, nəvələrim zəng ediblər Məni canı yanan insanlar təbrik edirlər. Mən "dost" sözünü sevmirəm və dostlara da inamıram. Canı yanan da ya bir olar, ya iki.

- Çox yaşayın, həmişə belə gözəl qalın, səsiniz də təravətin saxlasın.
- Ürəyin odu sönəndə, közü isitmir. Mən bu dəqiqə o haldayam. Mənim ürəyimin odu sönüb. Közü də məni isitmir. Torpağım, xalqım, övladlarım üçün səksəkə içindəyik.



- Ürəyinizi yenidən necə alovlandıra bilərik?
- Gündə düşmənin bir hiyləsi ilə qarşılaşırıq. Kefim necə açılsın?! Bütün xalqın əhvalı yüksək olarsa, kefim açılar.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: FloraKərimova   müğənni   Xalqartisti  





Xəbər lenti