Ermənistan sülhü pozur: Nəticələr ağır ola bilər – Hərbi ekspert

      Ermənistan sülhü pozur:    Nəticələr ağır ola bilər –    Hərbi ekspert
  15 İyul 2021    Oxunub:4736
Azərbaycan və Rusiya prezidentlərinin Ermənistanın baş nazirilə 2020-ci il noyabrın 10-da imzaladıqları birgə Bəyannamə Ermənistan-Azərbaycan münaqişəsi başa çatmasını rəsmən təsdiqləyib. Ermənistan 2020-ci il noyabrın 9-da nəzarətində olan Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaltmaq üçün Azərbaycanın tələb etdiyi qrafiki təqdim etməklə, kapitulyasiya aktını imzaladı. Dünya birliyi və beynəlxalq təşkilatlar həm 44 günlük Vətən Müharibəsinin nəticələrini tanıdılar, həm də imzalanan birgə Bəyanatı hüquqi sənəd kimi qəbul etdilər.
30 ilə yaxın dövrdə ATƏT-in Minsk qrupu adı ilə fəaliyyət göstərən qurumun əhəmiyyətsiz və nəticəsiz vasitəçiliyi ilə müzakirə olunan “Dağlıq Qarabağın statusu” məsələsi artıq arxada qalıb. Əslində “Dağlıq Qarabağ” ifadəsinin heç bir tarixi əsaslarının olmadığını tarixçi alim Nəsiman Yaqublunun araşdırmaları sübut edib. N.Yaqublu yazır: “1905-1906-cı illərdə birinci erməni-müsəlman toqquşmasında ermənilərin bizə qarşı törətdikləri cinayətlər və qətliamlardan sonra o vaxt çar Rusiyasında Qafqazın canişini olan Vorontsov-Daşkov bu gərginliyi aradan qaldırmaq üçün hər iki tərəfin nümayəndələrini Tiflisə dəvət etdi. Fevral ayında qurultay keçirildi. Adını “erməni-müsəlman barış qurultayı” qoydular. Bu qurultayda həm erməni, həm də Azərbaycandan olan nümayəndələr iştirak etdilər. Orada çıxışlar edildi, fikirlər bildirildi. Ermənilərdən “Uşaq” qəzetinin redaktoru Kalantar o qurultayda sərt çıxış edərək, Dağlıq Qarabağın iki yerə bölünməsini, bir hissəsinin Dağlıq, digərinin isə Aran Qarabağ olmasını tələb etdi. Bu tələbdə Dağlıq Qarabağda ermənilərin, Aran Qarabağda isə azərbaycanlıların yaşamalı olduğu bildirilirdi. “Dağlıq Qarabağ” sözü ilk dəfə orada səsləndirilib”.

Odur ki, erməni redaktorun Qarabağın bölünməsi məqsədilə 115 il əvvəl işlətdiyi bir ifadə gec də olsa, tarixin yaddaşından silinməlidir.

Bu gün münaqişənin həll olunmadığını deyən və ya “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlədən ABŞ Dövlət Departamenti və Fransanın səfiri regionu yeni təhlükələrə sürükləməyə cəhd edirlər. Ermənistanın hələ də alət kimi istifadə edilməsi işğalçı ölkədə revanşizmin dəstəklənməsindən və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltməkdən başqa bir şey deyil.

Ermənistan imzalanan birgə Bəyanatın şərtlərini bu günə qədər yerinə yetirməyib. Lacın dəhlizinin 8 ay əvvəl açılmasına baxmayaraq, Zəngəzur dəhlizi hələ də açılmayıb, erməni silahlıları Qarabağdan geri çəkilməyiblər. Bu az imiş kimi, həm sərhəddə, həm də Qarabağda atəşkəsi mütəmadi pozurlar. Bütün bunlar Ermənistanın sülh sazişindən imtina etməsi deməkdir. Əgər müharibədə məğlubiyyətini imzası ilə təsdiqləyən Ermənistan bu gün hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edirsə, o zaman Azərbaycan nəyə görə Ermənistanın ərazi bütövlüyünü tanımalıdır?

İndi “Ermənistan” adlanan ölkənin tarixən Azərbaycana məxsus olan Zəngəzur, Göyçə və İrəvan torpaqlarında yaradılması kimsəyə sirr deyil. Əgər Ermənistan bu gün Azərbaycanın ərazilərini tanımırsa, deməli, Azərbaycan da tarixi, hüquqi və siyasi baxımdan ədaləti bərpa etmək üçün fundamental əsaslara malikdir.

Başqa sözlə desək, əzilmiş, alçaldılmış və yarıçılpaq vəziyyətdə olan ordu qalıqlarına malik Ermənistanın sülh sazişini imzalamaqdan imtina etməsinin işğalçı ölkə üçün ağır fəsadlara səbəb olacağı şübhəsizdir. Ermənistan rəhbərliyi sülh sazişi məsələsində işğalçı ölkədən alət kimi istifadə edənlərin, Vətən Müharibəsi zamanı həlak olan erməni hərbçiləri kənardan saymaqla kifayətlənənlərin altı boş vədlərinə inanmaq əvəzinə, Azərbaycan-Türkiyə əlaqələrinin səviyyəsinə ciddi diqqət yetirməlidir. Ermənistan nəzərə almalıdır ki, imzalanan “Şuşa Bəyannaməsi” və iki qardaş ölkə arasında müttəfiqlik münasibətləri işğalçı ölkə üçün region dövlətlərilə normal münasibət qurmağdan başqa çıxış yolu qoymur.

Son günlərdə Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək üçün atdığı ilk addımlar deyil. Avropa İttifaqı Komissiyasının prezidenti Şarl Mişelin regiona səfəri öncəsi Ermənistan vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımlarına təhrik etməyə və daha sonra bu gərginlikdən öz maraqlarına uyğun istifadə etməyə çalışır. Lakin İrəvan eyni təxribatlara 2020-ci ilin dekabrda əl atmışdı və Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatının nəticələri ermənilər üçün sarşıdıcı olmuşdu.

Ermənistanın təxribatları eyni zamanda, Rusiya sülhməramlılarının fəaliyyətlərini şübhə altına almağa istiqamətlənib. Ermənistan bu təxribatlarla Rusiya sülhməramlılarının missiyasının uğursuz olduğunu göstərməyə çalışır.

İstənilən halda hazırkı gərginliyi yaradan Ermənistan hakimiyyətinin məqsədləri regionda sülhün və sabitliyin bərpasını zərbə altında qoyur. Müharibə zamanı dabanından qığılcım çıxanlar umutmalı deyillər ki, Qarabağa aid istənilən müzakirə yalnız Azərbaycanın ərazi bötövlüyü çərçivəsində, Azərbaycan Konstitusiyası və qanunları əsasında mümkündür. Qalan bütün versiyalar sadəcə boş illüziyadır. Buna şübhəsi olanlar başlarını qaldırıb, gözlərini açlb Qarabağ və Şərqi Zəngəzur ərazisində dalğalanan Azərbaycan Bayrağına baxsınlar.

Ədalət Verdiyev , hərbi ekspert
Azvision.az üçün



Teqlər: Qarabağ  





Xəbər lenti