Paşinyana "put in" icazəsi - TƏHLİL

   Paşinyana "put in" icazəsi -    TƏHLİL
  08 İyul 2021    Oxunub:10792
Nikol Paşinyan seçkidən sonra ilk xarici səfərini Rusiyaya edərək, iyulun 7-də prezident Putinlə görüşdü. Paşinyanın ilk xarici səfər kimi Rusiyanı seçməsi heç də Moskva ilə Yerevanın qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığı ilə bağlı deyil; əslində, Paşinyan qələbəsinin Kreml tərəfindən tanınması üçün Rusiya paytaxtına yollanıb.
Paşinyan Qərbi Azərbaycandan danışdı
Doğrudur, seçki Paşinyanın qələbəsilə başa çatsa da, yeni parlamentin legitimliyi “Putinin dostu” Robert Koçaryanın başçılıq etdiyi müxalif qüvvələrin səsvermənin nəticələrinə yanaşmasından çox asılıdır. Məhz bu səbəbdən, Paşinyan seçkidən sonra hələ heç hökuməti formalaşdırmamış - formalaşdıra bilməmiş!, - Putinin qəbuluna gəlib. Vladimir Putinin Paşinyanla görüşdə onu qələbə münasibətilə təbrik etməsi və ardınca “Ən əsası, xalqın etimadını qazanmaqdır. Paşinyanin partiyasında bu var. Bunu seçkilərin nəticələri göstərdi. Çətin məqamlarda insanların etimadını qazanmaq sonrakı inkişaf üçün əsas şərtdir” ,- deməsi artıq Moskvanın Ermənistandakı seçkilərin nəticələrini tanıması anlamına gəlir.

Bundan sonrakı mərhələdə yeni kabinetin tərkibinin müzakirə olunacağı, razılaşma əldə edildikdən sonra müxalifətin mandatlarını qəbul edəcəklərini gözləmək olar. Güman ki, yeni nazirlər kabinetinin tərkibinin formalaşdırılması prosesinə də Kreml nəzarət edəcək. Hətta, bəzi strateji nazir kürsülərinə məhz Rusiyanın maraqlarına uyğun fiqurun təyin olunacağı mümkündür.


Paşinyan Putinlə görüşündə növbəti dəfə erməni əsirlərin (əslində diversantların) geri qaytarılması məsələsinə toxunub və iyulun 3-də 15 erməni əsirin öz vətənlərinə qaytarılmasına görə Rusiya prezidentinə təşəkkürünü bildirib. Maraqlıdır ki, nə Putin, nə də Paşinyan təxribatçıların Fizuli və Zəngilan rayonlarının mina xəritələrinin müqabilində alındığını dilə gətirmədilər. Hər halda, onların nə deməsindən asılı olmayaraq, nəticə Azərbaycanın maraqlarına cavab verir. Bu məsələdə əsas diqqətçəkən məqamlar başqadır.

İyunun 12-də baş verən 1-ci “əsir”-mina xəritəsi mübadiləsi prosesinin ABŞ və Avropa Birliyinin, ikincinin isə Rusiyanın vasitəçiliyilə baş tutması göstərir ki, Moskva ilkin mərhələdə bu formulla razılaşmayıb, sonradan Qərbin regiondakı rolunun artmasına imkan verməmək üçün prosesə qoşulub. Vasitəçilərdən asılı olmayaraq, mübadilə prosesinin davam etməsi həm də onu göstərir ki, ermənilərin verdiyi Ağdamın mina xəritəri saxta deyil və həqiqəti əks etdirir. Digər tərəfdən, Fizuli və Zəngilan rayonlarının mina xəritələrinin məhz Rusiyanın vasitəçiliyilə alınması Moskvanın Zəngəzur dəhlizinin tezliklə işə düşməsində maraqlı olmasının göstəricisidir.

Nikol Paşinyanın Putinlə görüşdə səsləndirdiyi digər bir məsələ isə Ermənistan-Azərbaycan sərhəddində “qeyri-sabit vəziyyətin hökm sürməsi” məsələsi idi. Söhbət, təbii ki, bu yaxınlarda Qaragöl yaxınlığında baş vermiş məlum insidentdən gedir. Hazırda sabitlik olsa da, Yerevan anlayır ki, sərhədlərin qeyri-müəyyənliyi və Ermənistan ordusunun sərhədi qorumaq iqtidarında olmaması onlar üçün risklidir. Hətta bütün dünya ictimaiyyəti prosesə qarşı çıxmağa çalışsa da, sərhədlərin demarkasiya olunmaması səbəbindən ərazilərin kimə məxsusluğu və hansı tərəfin haqlı olduğunu müəyyən etmək alınmayacaq. Əslində sərhəddə baş verən proseslər Rusiyanın maraqlarına tam cavab verir. Moskva Yerevanın “öz xahişi ilə” Ermənistan sərhəddi boyunca, eyni zamanda, Zəngəzur dəhlizinə öz qüvvələrini yerləşdirməklə faktiki ölkəni Rusiyanın əyalətlərindən birinə çevirmək niyyətindədir.


Yaranmış vəziyyət Yerevanı vadar edir ki, ya sərhədlərinin mühafizəsini tam olaraq Rusiyaya həvalə etsin, ya da, istənilən vaxt ərazisinin bir hissəsini itirmək riskilə barışsın. Görünən odur ki, “Dəmir Yumruq” qorxusu Paşinyanın ölkəsinin sərhəd mühafizəsini, əslində isə suverenliyini Moskvaya verməyə məcbur etdi.

Tofiq Vahid
Azvision.az


Teqlər: Paşinyan   Putin  





Xəbər lenti