Suriya ermənilərinin Qarabağda məskunlaşması BMT gündəmində

Suriya ermənilərinin Qarabağda məskunlaşması BMT gündəmində
  29 Mart 2013    Oxunub:1845
Erməni mənşəli suriyalı qaçqınların ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına köçürülməsinin qəbuledilməzliyi Daimi Nümayəndəlik tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında qaldırılıb.
AzVision.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, erməni mənşəli suriyalı qaçqınların ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına köçürülməsinin qəbuledilməzliyi Daimi Nümayəndəlik tərəfindən BMT-nin İnsan Hüquqları Şurasında qaldırılıb.

Bununla bağlı 2013-cü ilin mart ayında Daimi nümayəndə, səfir Murad Nəcəfbəyli BMT-nin İnsan Hüquqları Şurasının prezidentinə məktub ünvanlayıb.

Məktubda Suriyada davam etməkdə olan böhran ilə əlaqədar həmin ölkədən çıxan erməni mənşəli qaçqınların Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında məskunlaşdırılmasına dair mətbuat və qeyri-hökumət təşkilatları tərəfindən yayılmış məlumatlara istinad olunub, beynəlxalq hüquq, xüsusilə IV Cenevrə Konvensiyası ilə ziddiyyət təşkil edən belə addımların arxasında Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün qəbuledilməz nəticələrinin möhkəmləndirilməsinə xidmət etməsi kimi siyasi məqsədlərin dayandığı bildirilib.

Məktubda, eyni zamanda, ATƏT tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirilmiş fakt-araşdırıcı missiyaların müxtəlif ölkələrdən ermənilərin həmin ərazilərdə yerləşdirilməsini təsdiqlədiklərinə və ATƏT-in həmsədrlərinin bu halı pislədiklərinə baxmayaraq, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq bu siyasəti hələ də davam etdirməsi faktı qeyd edilib.

Müraciətdə, həmçinin, BMT-yə üzv dövlətlər, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Qaçqınlar üzrə Ali Komissarlıq və İnsan Hüquqları Şurasının xüsusi mandat daşıyıcıları Azərbaycanın işğal edilmiş ərazilərində davam etməkdə olan qeyri-qanuni məskunlaşmaya yaxından diqqət yetirməyə və müvafiq qətiyyətli tədbirlərin həyata keçirilməsinə çağrılıblar.

Daimi Nümayəndəmizin məktubu BMT-nin İnsan Hüquqları Şurasının 22-ci sessiyasının rəsmi sənədi (A/HRC/22/G/12) qismində yayılıb.



Teqlər:  





Xəbər lenti