“Ağıllı kənd” necə tətbiq olunur: 5 əsas komponent

   “Ağıllı kənd” necə tətbiq olunur:    5 əsas komponent
  20 May 2021    Oxunub:6588
“Ağıllı kənd” ifadəsi Azərbaycan üçün yeni deyil. Bir neçə il əvvəl kənd təsərrüfatında “Ağıllı kənd” komponentini özündə ehtiva edən daha kiçik layihə var idi. Lakin işğaldan azad olunan Zəngilan rayonun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində tətbiq olunacaq pilot layihə özündə 5 əsas fundamental komponenti birləşdirir.
Bunu Azvision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin rəhbəri Əkbər Abbasov deyib.

"Birincisi, bu kəndlər ağıllı texnologiyaların istifadə olunduğu yaşayış tərzidir. Bu gün şəhərlərdə, o cümlədən kəndlərdə əhalinin çox hissəsi smart texnologiyalardan istifadə edir, süni intelekt artıq həyatımızın hər bir sahəsinə inteqrasiya edib. “Ağıllı kənd”in komponentlərindən biri yaşayışda bu texnologiyaların tam təşəkkül tapmasıdır. Gündəlik ağıllı evin idarəedilməsindən tutmuş, ağıllı üz tanıma, təhlükəsizlik sistemləri, elektomobillərdən istifadəyə qədər bütün məsələləri özündə cəmləşdirir.

İkinci komponent sosial xidmətlərdir. Daha rahat, gümrah həyat sürməyimiz üçün səhiyyə və təhsil sistemindən rahat şəkildə yararlana bilməyimiz vacibdir. Çünki bir insanın formalaşması üçün o insan sağlam olmalıdır. Bu, o demək deyil ki, ağıllı təhsil, səhiyyə sistemləri, distant təhsil tətbiq ediriksə, ənənəvi bildiyimiz və hər bir kənddə olan tibb məntəqəsi və məktəb infrastrukturu olmayacaq. Təbii ki, onlar da olacaq. Lakin bunu daha səmərəli hala gətirmək, müəyyən dövrdə daha yüksək səhiyyə xidməti almaq üçün distant müraciət ola bilər. "Ağıllı kənd"in sakinləri yüksək sürətli internetdən, distant səhiyyənin onlara verdiyi üstünlüklərdən istifadə edərək ən peşəkar həkimin xidmətlərindən yararlana biləcək".



Ə.Abbasov həmin kəndlərə köçəcək əhalinin texnologiyalardan istifadə ilə bağlı bilikli olması məsələsinə də toxunub:

"İctimaiyyəti maraqlandıran həmin kəndin sakinlərinin bilik, bacarıq məsələləridir. Pandemiya bizə texnologiyadan istifadə ilə bağlı bilik və bacarıqları, bəzi məsələləri öyrətdi. Distant təhsil, videokonfrans vasitələri ilə boş vaxtlarda bilik və bacarıqlarımızı inkişaf etdirdik. İclasları onlayn keçirdik, təhsili onlayn aldıq və öyrətdik. Bunun effektiv olduğunu öyrəndik və məlum oldu ki, yeni texnologiyaları istəyən hər kəs öyrənir. "Ağıllı kənd"də yüksək sürətli internetin verdiyi üstünlüklə məsafədən onların ənənəvi təhsildən əlavə ixtisasartırma və digər məsələləri həyata keçirilməsi nəzərdə tutulur.

Üçüncü istehsal prosesidir. Ölkəmizdə istehsalda kifayət qədər mütərəqqi texnologiyalar tətbiq edən müəssisələr, zavodlar var. Kənd yerindən danışırıqsa, burada istehsalat yüksək olacaq. Kəndli ya istehsal etdiyi məhsulu istehlak edə bilər, ya da onu xam şəkildə və ya məhsul edib sata bilər. İstehsal prosesində innovativ texnologiyalardan istifadə ediriksə, bu, daha səmərəli istehsaldır, daha ucuza başa gəlir və standartlara uyğun ixrac yönümlü məhsullar hazırlanır.

Dördüncü komponent "Ağıllı kənd" təsərrüfatıdır ki, bu da ölkə üçün yeni bir şey deyil. Çünki pərakəndə şəkildə bir çox təsərrüfatlarda tərəvəzçilikdə, meyvəçilikdə "ağıllı bağ" sistemi qurulması tətbiq olunur. Lakin bir yaşayışın komponenti kimi ilk dəfə sıfırdan Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində "Ağıllı kənd" layihəsində təqdim olunur. Texnologiyadan istifadə etməklə daha məsuldar bitkilər, tərəvəzçilik, bağçılıq məhsulları əldə olunur. Bu məhsullar daha keyfiyyətlidir, maya dəyəri aşağı, bazar qiyməti yüksəkdir".



Beşinci komponentin enerji ilə bağlı olduğunu deyən Ə.Abbasov qeyd edib ki, Zəngilan rayonunda günəşli saatların daha çox olması alternativ enerji mənbəyi kimi günəş enerjisindən istifadəyə imkan verir: "Həmçinin rayonun hidroenerji ehtiyatları var. Burada qardaş Türkiyə şirkətləri ilə hidroelektrik stansiyaların qurulması nəzərdə tutulur. Kənd sakinlərinin texnologiyaları öyrənməklə bağlı suallar demək olar ki, öz həllini tapıb. Onların həm köçürülməmişdən əvvəl bilik və bacarıqları artırılacaq, həm də bu məsələ qayıdışdan sonra da diqqətdə qalacaq. "Ağıllı kənd"in sakinləri köçməzdən əvvəl bu bacarıqları qazanacaqlar, həm də texnologiya inkişaf etdikdə distant təlimlərlə biliklərini artıracaqlar. Kənd təsərrüfatı sahəsində dünənin innovasiyayası bu günün innoivasiyası deyil. Yeni innovasiayaya uyğun bilik və bacarıqlar öyrənilməlidir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ağıllı-kənd  





Xəbər lenti