Avropa çempionatı: İki idmançımız finala yüksəldi

   Avropa çempionatı:    İki idmançımız finala yüksəldi
  20 May 2021    Oxunub:824
Mayın 19-da Xorvatiyanın Poreç şəhərində karate üzrə böyüklər arasında 56-cı Avropa çempionatı start götürüb.
Azvision.az xəbər verir ki, karateçilərimizdən Pənah Abdullayev (84 kq) və İrina Zaretska (68 kq) Avropa çempionatının finalına yüksəliblər.

İlkin döyüşlərdə Nikola Maloviç (Montenneqro), Meris Muhoviç (Bosniya və Herseqovina), ardınca isə Alvin Karaqini (Albaniya) və yarımfinalda Miçel Martinaya qalib gələn P.Abdullayev finalda Uğur Aktaşla (Türkiyə) qarşılaşacaq.

Finaladək Teodosiya Giamoki (Kipr), Alizee Agier (Fransa), Alisa Buçinger (Avstriya), yarımfinalda Ketrin Pedersona (Danimarka) qalib gələn İrina Zaretskanın isə həlledici görüşdə rəqibi Vasiliku Pnetsidu (Yunanıstan) olacaq.

Milli komandanın ağır çəkidə idmançısı Asiman Qurbanlı (+84 kq) isə Avropa çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq.

O, yarımfinalda hakimlərin səhvi üzündən serbiyalı Slobodan Biteviçə məğlub olub. Əvvəlki döyüşlərdə isə A.Qurbanlı Miçel Çorbalanı (Danimarka), eləcə də, yüksək titullu rəqibləri Mehdi Filalini (Fransa) və Lardi Tayrron-Darneli (Niderland) 3:3 hesabı ilə məğlub edib. Bürünc medal uğrunda Asiman Qurbanlı Herolind Nişevçi (Kosova) ilə görüşəcək.

Digər təmsilçimiz Roman Heydərov (fərdi kata) 3 dövrəni uğurla başa vuraraq bürünc medal görüşünə vəsiqə qazanıb. Üçüncü yer uğrunda görüşdə onun rəqibi Mattio Busato olacaq.

Günün digər görüşlərində Neda Rezai (fərdi kata) yarışı birinci mərhələdə başa vurub. Fəridə Əliyeva (+68 kq) isə zədə aldığından çempionata qatılmayıb.

Medallar uğrunda həlledici görüşlər mayın 22-də keçiriləcək.

Azvision.az


Teqlər: Avropa-Çempionatı  





Xəbər lenti