SOCAR yeni istiqrazlar buraxır

SOCAR yeni istiqrazlar buraxır
  17 May 2021    Oxunub:1429
Uzun müddətdən bəri investorlar tərəfindən ünvanlanan çoxsaylı müraciətləri və böyük tələbatı nəzərə alaraq, Azərbaycanın beynəlxalq miqyaslı enerji şirkəti SOCAR tərəfindən daxili bazar üçün bu il sentyabrın 20-də yeni istiqrazlar buraxılacaq.
“SOCAR Capital” şirkətindən Azvision.az -a bildirilib ki, Azərbaycan vətəndaşlarına növbəti dəfə gəlirli və etibarlı investisiya imkanı təqdim edən SOCAR 2016-cı ildə buraxdığı istiqrazlarla ölkəmizin qiymətli kağızlar bazarında ciddi uğura imza atıb və təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub saxlayıb.

SOCAR ilə bp arasında memorandum imzalanıb
100 milyon dollarlıq həcmdə emissiya olunan ilk istiqrazlara tələbat iki dəfədən artıq oldu və hazırda təkrar bazar əməliyyatlarının həcmi rekord göstərici olan 200 milyon dollar təşkil etməkdədir. İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda 25 milyon dollar gəlir əldə etmiş olacaqlar.

Yeni SOCAR istiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 (min) dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4,5 faizdir və faizlərin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək.

SOCAR istiqrazlarına abunə yazılışı bu il sentyabrın 20-dən başlayacaq və 10 gün müddətində davam edəcək. İstiqrazlara abunə yazılışında həm vətəndaşlarımız, həm də Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər iştirak edə biləcəklər. Satışlarda üstünlük ilk növbədə fiziki şəxslərə veriləcəkdir (xarici fiziki və hüquqi şəxslər də təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.)

SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR istiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq.

Azvision.az


Teqlər: SOCAR  





Xəbər lenti