Gimnastlarımız Avropa çempionatında 3 medal qazandı

Gimnastlarımız Avropa çempionatında 3 medal qazandı
  03 May 2021    Oxunub:2720
Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, ikili minibatut və tamblinq üzrə Avropa mempionatında Azərbaycan yığması 1 gümüş və 2 bürünc medal qazanıb.
Azvision.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, çempionatın ilk medalı gənclər arasında yarışan tamblinqçilərimizdən gəlib. Hüseyn Əsədullayev, Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanovdan ibarət komandamız fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Azərbaycan millisi ikinci qələbəsini qazanıb
Növbəti medal son dünya yaş qrupları yarışlarının gümüş medalçıları Hüseyn Abbasov və Mahsud Mahsudov sinxron cütlüyündən gəlib. Onlar qitə birinciliyində də gümüş medala sahib olublar. Bu yarışda 13-17 yaşlılar arasında çıxış etmiş 13 yaşlı Hüseyn və Maqsud özlərindən daha böyük və təcrübəli gimnastlarla mübarizə apararaq fəxri kürsüdə yer alıblar.

Çempionatın son medalı isə təcrübəli tamlinqçimiz Mixail Malkindən gəlib. Uzun müddətdən bəri irimiqyaslı beynəlxalq yarışlarda zədə səbəbindən iştirak etməyən təmsilçimiz, gərgin idman mübarizəsi şəraitində keçən final mərhələsində bürünc medal qazanmağa nail olub.

Fərdi batut yarışlarında yeganə qadın gimnastımız Selcan Maqsudova da qitə birinciliyinin finalına vəsiqə qazanıb. Həlledici final mərhələsində gimnastımız 6-cı olub. İlk dəfədir ki, Azərbaycanın qadın təmsilçisi Avropa çempionatının böyüklər arasında ən güclü 8 gimnastı arasında mübarizə aparıb.

Bu Avropa çempionatı Azərbaycan gimnastikası üçün “ilk”lərlə tarixə yazılıb. Belə ki, həm tamblinqçilərimizin komanda hesabındakı bürüncü, həm də sinxron cütlüyümüzün layiq görüldüyü gümüş medal gənclər yaş qrupunda gimnastlarımızın Avropa çempionatından ölkəmizə qazandırdığı ilk medallardır. Eləcə də, gimnastımız Selcanın çempionatın finalında iştirakı gimnastikadakı nailiyyətlərimiz sırasında bir ilkdir.

Azvision.az



Teqlər: Avropaçempionatı  





Xəbər lenti