“Həmsədrlər status məsələsində Bakını dəstəklədi” - Paşinyan

  14 Aprel 2021    Oxunub : 5515
“Həmsədrlər status məsələsində Bakını dəstəklədi” -  Paşinyan
“2016-cı il aprel müharibəsindən bir müddət əvvəl ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistandan Dağlıq Qarabağa aralıq status verilməsi iddiasından imtina edilməsini tələb ediblər”.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Hökumət başçısı danışıqlar prosesinin mərhələlərini sadalayaraq bildirib ki, Azərbaycan Qarabağın statusu ilə bağlı mövqeyini tədricən sərtləşdirib. Üstəlik, 2014-2015-ci ildən başlayaraq rəsmi Bakının bu mövqeyi həmsədrlər tərəfindən dəstəklənirdi.

“Vasitəçilərin Ermənistan tərəfinə Dağlıq Qarabağın müvəqqəti statusu tələbindən imtina təklifindən sonra 2016-cı ildə aprel müharibəsi başladı. Mən açıq şəkildə bildirmək istəyirəm - 2016-cı ilin aprelindən iki ay əvvəl vasitəçilər Ermənistan tərəfinə Qarabağın aralıq statusu ilə bağlı istəyindən imtina etmək təklifini irəli sürüblər”.

Paşinyan vurğulayıb ki, erməni tərəfi Dağlıq Qarabağa aralıq status vermək istəyindən imtina edib. O, danışıqlar prosesində Qarabağın statusu ilə bağlı referendumun keçirilməsinə dair razılaşmaların əldə olunması ilə bağlı məlumatları səhv adlandırıb.

“Sənədlər paketində referendumla bağlı yalnız bir bənd var idi, lakin referendumun şərtləri və əhatəsi müzakirə edilməmişdi. Rəsmi Bakı isə tələb edirdi ki, Qarabağda referendum yalınız Azərbaycanın ərazisi daxilində keçirilə bilər”.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Ermənistan   Qarabağ