İsraildə Xocalı faciəsi anıldı

İsraildə Xocalı faciəsi anıldı
  23 Fevral 2014    Oxunub:1205
İsrail xalqı Xocalı faciəsi barədə həqiqətləri bilməlidir.
Fevralın 23-də Təl-Əvivdəki "Şimon Peres Dünya Mərkəzi"ndə Xocalı faciəsinin 22-ci ildönümünə və Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildə başlanıb "Xocalıya ədalət!" Beynəlxalq kampaniyasının 5 illiyinə həsr olunmuş mərasim keçirilib.

Gecə "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının ("Azİz") son ildə ölkənin on şəhərində təşkil etdiyi bir sıra tədbirlərin zirvəsi olmuşdur. Təşkilatçılar İsrail xalqına Xocalı faciəsi barədə həqiqətləri çatdırmağı və tükürpərdici açıqlığı ilə insanları dəhşətə gətirən fotosərginin köməyi ilə müasir dünyada belə vəhşiliklərin yolverilməz olduğunu əyani şəkildə göstərməyi qarşılarına məqsəd qoyublar.

"Azİz" Beynəlxalq Assosiasiyasında AzVision.az bildirmişlər ki, fotosərginin açılış mərasimi düz bir il əvvəl Təl-Əviv Universitetinin Diaspor Muzeyində olub. Mərasimdə İsrailin absorbsiya naziri Sofa Landver və daxili işlər nazirinin müavini Faina Kirşenbaum, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov iştirak ediblər.

Sonra səyyar fotosərgi İsrailin şəhərlərinə “matəm yürüşünə” çıxmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın kiçik Xocalı şəhərində baş vermiş faciəni əks etdirən, damarlarda qanı donduran bu kadrlara Afula, Tirat-Karmel, Or-Akiva, Kiryat-Ekron, Netanya, Təl-Əviv, Rehovat, Aşkelon, Akko və Loda sakinləri baxıblar.

Sərginin açıldığı bütün şəhərlərdə fəxri qonaqlar qismində həmin şəhərin rəhbərliyi, ictimai təşkilatların başçıları, mətbuat nümayəndələri iştirak etmişlər.
Ötən il minlərlə rusdilli və ivritdilli israilli, o cümlədən ölkənin görkəmli ictimai və siyasi, habelə mədəniyyət və incəsənət xadimləri, alimlər səyyar sərgiyə baxanlar arasında olmuşlar. Sərginin işinin hər bir mərhələsi yerli və xarici KİV-lərdə geniş işıqlandırılıb.
Sərgiyə gələnlərin çoxunun ürək sözlərini yazdıqları “Rəy kitabı” ekspozisiyanın insanların qəlbində unudulmaz təəssüratlar oyatdığını göstərir. Sərginin təşkilatçıları çəkdikləri zəhmətin müqabilində bu kitabı ən yüksək mükafat sayırlar. Çünki burada yazılan sözlərin heç biri formal yazılmayıb, hər birində azğınlaşmış erməni millətçilərinin strateji məqsədlərinin qurbanı olmuş günahsız insanların faciəsinin doğurduğu dərin kədər hissi duyulur.

Fevralın 23-də axşam bu qiymətli kitab İsrailə gələn Milli Məclisin deputatı Fuad Muradova təqdim ediləcəkdir.

Qeyd edək ki, 2013-2014-cü illərdə "Xocalıya ədalət!" Beynəlxalq kampaniyası çərçivəsində İsraildə təşkil olunan bütün tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmişdir. Tədbirlərə Oleq Levinskinin başçılıq etdiyi "Tsairey Beyteynu" gənclər hərəkatı və "Natali" firması da təşkilati dəstək göstəriblər.

Dağ Yəhudiləri Regional İctimai Xeyriyyə Fondunun dəstəyi ilə disk şəklində videofilm və sərgidən, o cümlədən həmin sərgi ilə tanış olan dövlət xadimlərinin və sadə insanların reaksiyasından söz açan kitabça buraxılıb.



Teqlər:





Xəbər lenti