“Ölüm hökmü çıxış yolu deyil”
Millət vəkili Fazil Mustafa təkliflə çıxış edərək bildirib ki, azyaşlı uşaqları qəsdən öldürən, zorlayan, narkotikə cəlb edənlərə ölüm hökmü veriləcək. Deputat qeyd edib ki, bu məsələ ilə bağlı Milli Məclisdə məsələ qaldıracaq.
Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev AzVision.az-a danışıb. Onun sözlərinə görə, doğurdanda son illərdə azyaşlı uşaqlara, köməksiz vəziyyətdə olan insanlara qarşı xüsusi qəddarlıqla qətl hadisəsi baş verir.
“Bu cəmiyyətdə birmənalı qarşılanmır. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilərkən, onlara ömürlük azadlıqdan məhrumetmə cəzası verilir. Müəyyən müzakirələr olur ki, bu tipli cinayətlərə qarşı ömürlük azadlıqdan məhrumetmə yox elə ölüm hökmü verilsin. Amma nə qədər acı da olsa, buna dözülməz münasibət göstərsək belə, mən bir qədər fərqli düşünürəm. Hesab etmirəm ki, yenidən ölüm hökmünü cinayət məcəlləsinə salmalıyıq. Hətta bir sıra ölkələrdə də oxşar hadisələr baş vermişdi ki, ömürlük azadlıqdan məhrumetmənin tətbiqi daha amansız qətllərin baş verməsinə gətirib çıxarmışdı. Bir sıra ölkələrdə ölüm hökmünün tətbiqinə qayıdılmışdı. Lakin, sonradan məlum oldu ki, heç də bu ayrı-ayrı şəxslərin xüsusi amansızlıqla qətl hadisələrində iştirakını instisna etmir. Və o baxımdan yenidən onlar ölüm cəzasının ləğvini öz qanunvericiliklərinə gətirdilər”.
Hüquqşünasın sözlərinə görə, ölüm hökmünün tətbiqi cinayətlərə də yol aça bilər: “Biz ölüm cəzasını tətbiq edəndə müəyyən qədər səhvlərə də yol verə bilərik. Ola bilsin ki, ayrı-ayrı hallarda məhkəmə və ya istintaq obyektiv həqiqəti meydana çıxartmır. Bu da ciddi sürətdə təhlükələrə gətirib çıxardır”.
Ə.Nuriyevin fikrincə, bu təkliflə qanunvericilikdə hər hansı bir dəyişiklik edilməyəcək.
“Amma hər halda bu məsələnin müzakirəsi normaldır. Belə müzakirələr olmalıdır. Bəlkə də bu məsələ ilə bağlı referendum keçirib, buna yüksək rəy vermək olar. İnsanlar bunun lehinə səs verə bilər. Lakin cəmiyyətin ümumi əhval ruhiyyəsini bu tipli məsələlərdə nəzərə almaq uğurlu deyil”-deyə, hüquqşünas əlavə edib.
Sevinc İltifatqızı