“Ermənilərin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir” - Politoloq

  02 Mart 2021    Oxunub : 1751
“Ermənilərin əksəriyyəti Azərbaycanla yeni müharibə istəmir” -   Politoloq
"Ermənistanın baş naziri Nikol Paşinyan dünən onu devirmək istəyən daxili və xarici mərkəzlərə gücünü göstərdi. Paşinyanın dəstək mitinqinə qatılanların sayı müxalifətin mitinqlərinə qatılanların sayını dəfələrlə üstələdi. Bu, o deməkdir ki, ermənilərin əksəriyyəti Paşinyana alternativ görmür və Azərbaycanla yeni müharibə istəmir, o cümlədən Dağlıq Qarabağdan vaz keçib".
Azvision.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ermənistan baş naziri Nikol Paşinyanın dünən İrəvanda keçirdiyi mitinqə münasibət bildirərkən deyib.

"Buna baxmayaraq, Paşinyanın kütləvi mitinqi Ermənistanda siyasi və iqtisadi xaosa son qoymayacaq, tam əskinə qarşıdurma güclənəcək. Paşinyan bu gərginliyi artırmağa hazırdır. Onun erkən parlament seçkisi təklifini yenə səsləndirməsi və yarı prezident respublikasına keçidlə bağlı oktyabr ayında referendum keçirməsi istəyi də bundan xəbər verir. O, baş nazir kreslosunu prezident kreslosuna dəyişmək istəyir. Çünki baş nazirin sözlərinə görə, 6 il əvvəl dəyişdirilən Konstitusiya yeni böhran yaradıb.

Böhranın əsas səbəblərindən budur ki, baş nazir baş qərargah rəisini istefaya göndərə bilmir, prezident də buna mane olur. Baş qərargahın rəisi Onik Qasparyanı istefa vermək istəmir. İş o yerə çatıb ki, Paşinyanın Qasparyana qarşı ittihamına baş qərargah rəisinin qızı sosial şəbəkə üzərindən cavab verib və baş naziri satqın adlandırıb. Ermənistanda yaxın günlərdə siyasi qarşıdurmanın silahlı toqquşmaya və terrora keçidinin şahidi ola bilərik", - deyə politoloq qeyd edib.

Azvision.az

Teqlər: Ermənistan   Paşinyan