AFFA-nın Konfransı keçirilib

AFFA-nın Konfransı keçirilib
  29 Yanvar 2021    Oxunub:3111
Bu gün AFFA-nın videokonfrans formatında Növbəti Konfransı keçirilib.
Azvision.az xəbər verir ki, əvvəlcə rəsmi prosedura uyğun olaraq məlumat verilib ki, 35 səs hüquqlu nümayəndənin 34 nəfəri Konfransda iştirak edir və Konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir.

AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfrans iştirakçılarını salamlayıb: “Təxminən 1 ildən çoxdur ki, dünyanın əksər ölkələri COVİD-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya dövrünün öz tələbləri var. Biz də bu amilləri nəzərə alaraq bu gün videokonfrans formatında görüşürük. Əlbəttə, pandemiya ilə bağlı 2020-ci ili çətin və bəlkə də uğursuz adlandırmaq olardı. Lakin ötən il bizim üçün hər zaman zəfər ili kimi xatırlanacaq. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Böyük qələbə münasibətilə hər birinizi təbrik edirəm. Vətən müharibəsində AFFA-nın Qeydiyyat sistemində qeydiyyatdan keçmiş, Azərbaycan futbol ailəsinin 191 nəfər üzvü də şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

AFFA prezidentinin salamlamasından sonra icraçı vitse-prezident Elxan Məmmədov məlumat verib ki, UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın Konfransına videomüraciət ünvanlayıb və videomüraciət nümayiş olunub. Sonra Elxan Məmmədov ötən il AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə hesabat xarakterli çıxış edib. Ardınca hesabat videoçarxı nümayiş olunub.

Sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı edib.

Elxan Məmmədov məlumat verib ki, Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərdə ekoloji vəziyyətə töhfə vermək, çempionatın futboldankənar uzunmüddətli irsinin saxlanılması ilə bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul etmişdi ki, ev sahibi şəhərlərdə 50 min ədəd ağac əkilsin. AFFA UEFA-nın bu təşəbbüsünü müsbət qarşılayıb. AFFA ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən müxtəlif yaşıllaşdırma idarələrinin ərazisində 50600 (əlli min altı yüz) ədəd ağac əkilib. Ağacların bir qismi Xocahəsən gölünün ətrafında, digər hissəsi isə hava limanı magistral yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında əkilib. Bununla bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

Sonra AFFA-nın texniki direktoru Cahangir Həsənzadə çıxış edərək, gənclərdən ibarət milli komandaların hazırlıq prosesi və turnirləri barədə məlumat verib.

FIFA nümayəndəsi Nodar Axalkatsi öz çıxışında FIFA tərəfindən AFFA-nın Konfransına ünvanlanmış fikirləri səsləndirib.

Səs hüquqlu Konfrans nümayəndəsi Oqtay Abdullayev çıxış edərək Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində inşa olunmuş Futbol Akademiyasının istifadəyə verilməsi ilə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası keçirilib.

Azvision.az


Teqlər: AFFA   Konfrans  





Xəbər lenti