Din üzərində qurulan siyasətlər
Bəşəriyyət tarixinin tanıdığı bütün güclü qurumlar güclü ideologiyalar ətrafında yaranıb. Güclü siyəsətcilərin gücünün sirri bu həqiqəti dərindən anlamalarındadır. Hərçənd, bu gücü işə salana qədər onlara bir qədər başqa güc mənbələri də lazım gəlir.
Yaxşı nümunələr də var. Məsələn, Hindistanı Selevkilər imperiyasının əsarətindən çıxarıb müstəqilliyə qovuşduran, Maurilər sülaləsini hakimiyyətə gətirən Çanakya Pandtin misalı. O, tənhalığa çəkilib ibadətə qapıldığı halda, yanına gələn müdriklərin xahişini yerə salmadı. Xalqı zülmlərdən qurtarmaq üçün kasıb kəndli balasını padşah kimi yetişdirərək, taxta çıxardı. Sonra isə xalqı sanatana-dharma (əbədi din) ideologiyası ətrafında birləşdirmək üçün yeni padşahı təlimatlandırdı, Selevkilərdən sülhlə qopmağın yollarını göstərdi. Ölkə müstəqilliyə qovuşduqdan sonra isə meşəyə, öz komasına qayıdıb ibadətə qapıldı.
Başqa nümunələr də var. Amma hamısını niyə sadalayaq? Bu dünyada elə bir dövlət yoxdur ki, onun idarəsi hər hansı (yaxşı, ya pis) ideologiyasız mümkün olsun. Amma ideologiyalar heç də həmişə quruculuq məqsədilə yaradılmır. Birinci misaldan gördüyümüz kimi, daha güclü ideologiya zəifləri udur.
Bəli, dünyadakı mübarızə və müharibələr ideologiyaların arasında gedir. Bu ideologiyaların arxasında duranların təbii ki, öz məqsədləri olur, amma meydana ideologiyalar buraxılır. Sonra isə yeri gəldikcə, bu ideologiyalarla doldurulmuş başların sahibləri... bunun pis və ya yaxşı olmasını bir kənara qoyaq. Söhbət hələki, bundan getmir. Söhbət ideologiyaların gücündən gedir. Onların gücü ilk növbədə beyinləri və qəlbləri işğal etmək qabiliyyətində, sonra isə işğal etdiyi beyinlərin sayındadır.
Ən bic siyasətçilər bir ölkəni çökdürmək istəyəndə ora çeşid-çeşid ideologiyalar ixrac edirlər. Ölkə sakinləri bu ideologiyaların sayı qədər hissələrə parçalananda orada hökm sürmək, oranı xaricdən idarə etmək asanlaşır. Bir az dindən, Allahdan danışıb söhbətini Osmanlı dönəminin tərifi üstünə gətirən nurçunun, Əbdül Vəhabın“ardımca gəlməyən müsəlman deyil” şüarı ilə silahlanıb özündən başqa hamını “müşrik” çıxaran vəhabinin, hər kəlməsindən imperializm həvəsi boylanan fars şövinistinin, ölkəsində bir qəpik qiyməti olmayan kommunizmi yenidən bizə sırımaq istəyən rusun, “avropaya inteqrasiya”, “demokratiya” şüarları ilə milləti yavaş-yavaş soyunduran (yaxşı ki, qış fəsli də varmış) qərb siyasətçisinin bizə canı yandığına inananlarımız kifayət qədərdir. Kimsə kiməsə, nə qədərsə inanıb. İdeologiya ixracatçıları da elə ümid edirlər.
Türkiyənin ortasına Amerikadan Gülənin əli ilə pərçim edilən çivin dibini illərlə suvarıb şişirtdilər. İndi bu şişmənin yaratdığı çatın ilk xırçıltıları eşidilir. Çivçalan məqsədinə indiki mərhələdə nə qədər nail olub? Bunun az əhəmiyyəti var. İstənilən halda bu çivə Türkiyənin ehtiyacı yox idi. Ərəbin, farsın, rusun, ingilisin bizim aramıza uzatdıqları qamqalaqlar da suvarılır. Şişirdilir. Artıq onsuz da tam bütövləşə bilməyən parım-parça “cəmiyyətdə” (niyə dırnaqda? Çünki, cəmiyyət cəm olanlara deyirlər) bu qamqalaqlardan yaranan çivlərin yaratdığı çatlar ilk sızıltılarını verməkdədir.
Bizim bu çatlara ehtiyacımızmı var? Yanırıq. Suriyada ölən vahabilərimizə yanırıq. Beyinləri zərərli ideologiyalarla işğal edilən gənclərimiz üçün dizimizə döyürük... Sonra isə ölkə Suriya kimi ideologiyaların döyüş meydanına çevriləcək.. sonra başımıza döyəcəyik (əgər döyməyə salamat bir baş qalsa), amma artıq o zaman gec olacaq.
Çarə? Var. Çarəsiz deyilik. Mövcud hakim dini və siyasi ideologiyalarımız hücumçu rəqiblərinin qarşısında geri çəkilir. Biz əks hücuma keçib evimizi yıxa bilmərik (düşmənə də elə bu lazımdır). Gücümüz olsa, elə duruş gətirərdik. Biz güclənməliyik. İdeologiyamızı təkmilləşdirməli, Milli Burlik məcunu ilə onun çatlarını sağaltmalıyıq. Gənclərimizin gözündən fanatizm, eqoizm eynəklərini çıxarıb həqiqətin gözünə dik baxmağı öyrətməliyik.
Milli birliyə nail olmaq bir az qəliz görünsə də, buna da yol var. İnsanlara yalançı eqodan imtina etməyin nektarını daddırmaq lazımdır. Dindarlara dinin fanat yox, eqoist din təəsübkeşi yox, ÖVLİYA yetişdirməli olduğunu anlatmaq lazımdır. Bu işdə həqiqi dindarların çiyninə ağır bir yük düşür. Bəlkə bizim də Çanakya kimi müdriklərimiz var? Bilmirəm. Amma bilirəm ki bu yükü bir çəkən olmalıdır. Gəlin hərəmiz bu yükdən bacardığımız qədər götürək.
Teqlər: