Bu gün sevgililər günüdür

Bu gün sevgililər günüdür
  14 Fevral 2014    Oxunub:1710
AzVision.az xəbər verir ki, bu gün 14 fevral xristian aləmində “Müqəddəs Valentin” günü kimi qələmə verilən sevgililər günüdür.

Məlum olduğu kimi, Sevgililər Gününün tarixi Qədim Roma İmperiyasına gedib çıxır. İmperator 2-ci Klaudius ordusunda döyüşəcək əsgər tapa bilməməsinin səbəbini romalı kişilərin ailələrinə çox bağlı olmasında görürdü. Buna görə də hakimi olduğu imperiyada evliliyi qadağan etmişdi. Valentin adlı bir keşiş isə qadağalara baxmaraq, gəncləri gizlin şəkildə evləndirirdi. Müqəddəs Valentin insanları evləndirməyə davam etdiyi üçün həbs olundu və etdiklərinin cəzası olaraq çubuq ilə döyülərək öldürüldü. 270-ci ilin 14 fevralında dəfn edildi. Bundan sonra 14 fevral Sevgililər Günü kimi qeyd edilməyə başladı və zamanla bütün dünyaya yayıldı.

Lakin bu günlə və Valentinlə bağlı digər şaiyələrə əsaslanaraq eləcə də Sevgililər Günü qərb sivilizasiyasının məhsulu olduğundan, bəzi İslam və şərq ölkələrində bir qədər çətin qəbul edilir.

Azərbaycanda da Sevgililər Gününün tərəfdarları və əleyhdarları az deyil. Bu günün əleyhdarları da ənənəvi olaraq xristian bayramının müsəlman ölkəsində qeyd edilməsinə qarşıdırlar. Bu günün tərəfdarı olanlar isə ümumbəşəri dəyərlər prizmasından çıxış edərək “Sevgililər Gününün” tək xristianların deyil, ümumilikdə insanlığın bayramı olduğunu deyirlər.

Bəzi cavanlara isə, sadəcə romantik gün keçirmək üçün bəhanə lazımdır deyə Sevgililər Gününün gəlişinə sevinirlər.

“Sevgililər Gününün” dini və ideoloji tərəfi ilə yanaşı, psixoloji problemləri də mövcuddur. Həmin gündə müxtəlif səbəblər üzündən sevgilisinə, nişanlısına, həyat yoldaşına hədiyyə ala bilməyən və yaxud bayramın mahiyyətini qəbul etməyən insanlar həm fərdi, həm ictimai qınaqla qarşılaşırlar. Bu da onların əlavə stres və depressiya yaşamalarına səbəb olur. Qlobal medianın kütləvi təbliğatının təsiri altında düşənlər belə insanları xəsis və sevgisiz insan kimi qiymətləndirirlər. Digər tərəfdən, sevgilisi və yaxud həyat yoldaşı olmayan insanlar da bu günün başqaları tərəfindən təmtəraqla qeyd olunduğunu gördükdə nisgilli bir gün yaşayırlar. Bu da onların psixologiyalarında əlavə problemlərin və komplekslərin yaranmasına səbəb olur.

Qeyd edək ki, bu gün gül və suvenir biznesi ilə məşğul olanlar üçün də əsl bayramdır. Belə ki, 14 fevral günü milyonlarla gül və suvenirlər satılır.


Teqlər:  





Xəbər lenti