İndoneziya parlamenti Azərbaycana dəstək oldu

  25 Oktyabr 2020    Oxunub : 2309
 İndoneziya parlamenti Azərbaycana dəstək oldu
İndoneziya parlamentinin nümayəndələr palatasının parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılı bəyanatla çıxış edib.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, İndoneziya parlamentinin rəsmi internet səhifəsində yerləşdirilmiş bəyanatda F.Zon Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin yenidən alovlanmasının narahatlıq doğurduğunu və çox sayda insanın həlak olması faktını nəzərə alaraq, hər iki ölkəni atəşkəs razılaşmasına sadiq qalmağa çağırıb.

F.Zon iki tərəf arasında müvafiq olaraq oktyabrın 10-da və 18-də əldə olunmuş humanitar atəşkəsə toxunaraq razılaşmadan bir neçə saat sonra Ermənistanın Azərbaycanın Gəncə şəhərinə atəş açması nəticəsində 13 mülki şəxsin həlak olması, 50 nəfərin isə yaralanması ilə bağlı təəssüf hissi keçirdiyini əlavə edib. Atəşkəs razılaşmasının pozulmasının iki ölkə arasındakı münaqişənin gələcək həllini təhdid etdiyini bildirən F.Zon münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan dialoq çərçivəsində həllinə çağırıb. Komitə sədri beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-ni atəşkəsin əldə edilməsində fəal olmağa dəvət edib və BMT-nin bununla bağlı kifayət qədər iş görə bilmədiyini təəssüflə qeyd edib.

Eyni zamanda, F.Zon BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrinin və BMT Baş Assambleyasının A/RES/62/243 saylı qətnaməsinin təcili yerinə yetirilməsinin vacibliyini vurğulayıb. O bildirib: “BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri açıq şəkildə erməni silahlı qüvvələrinin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”. Bununla yanaşı, komitə sədri ATƏT-in münaqişənin həlli istiqamətində vasitəçiliyinin əhəmiyyətinə toxunaraq Minsk qrupu çərçivəsində məhsuldar dialoqun yenidən başlamasının vacibliyini qeyd edib.

F.Zon bir daha münaqişənin beynəlxalq hüququn normalarına, xüsusilə hər bir dövlətin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipinə uyğun olaraq həll edilməli olduğunu deyib: “Azərbaycan da daxil olmaqla, hər hansı dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz qəbuledilməz və əsassızdır”.

Xatırladaq ki, bu, İndoneziya parlamentinin nümayəndələr palatasının parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon tərəfindən sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı təxribatları ilə bağlı verilmiş sayca ikinci bəyanatdır.

Azvision.az

Teqlər: Azərbaycan   İndoneziya