Azərbaycanın Milli Qəhrəmanı: “Xarı bülbül azadlığa qovuşacaq”

  19 Oktyabr 2020    Oxunub : 10581
Azərbaycanın Milli Qəhrəmanı:  “Xarı bülbül azadlığa qovuşacaq”
“Təəssüflənirəm ki, əsgərlərimizə qoşulub ön cəbhədə döyüşə bilmirəm. İçimdən döyüşmək, düşmənə qarşı savaşmaq keçir”
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev deyib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan həmsöhbətimiz bildirib ki, yaşadığı Goranboy rayonunda insanların qələbəyə böyük inamı var.

“Döyüş, qələbə xəbərlərini aldqıca 90-cı illərdəki savaşımızı xatırlayıram. O illərə qayıdıb təsirlənirəm, deyirəm ilahi, ümidlərim özünü doğrultdu. Birinci Qarabağ savaşından içimdə bir yanğı qalmışdı. Mən Milli Qəhrəman adı almışdım, amma Qarabağımız işğalda idi. Onu qəfəsə salmışdılar sanki. İçimdəki nisgili, qalibiyyət aclığını heç nə ilə ovundura bilmirdim. Amma indi ürəkdən, rahat nəfəs alıram. Xarı bülbül azadlığa qovuşacaq. Şuşaya gedib dostlarımın, yaxın insanlarımın qəbrini axtaracağam.

Nəvələrimə deyirəm ki, babanız da döyüşüb. Goranboyu qaldırmışam, silahlandırmışam. Ermənilərdən neçə kəndimizi müdafiə etmişik. İndi müharibəni necə lazımdırsa, elə də davam edirik. Rayonumuzda hər şey qaydasındadır. Hamı qələbə gözləyir. Analar övladını göndərir ki, vətən sağ olsun. Keçmiş döyüşçü kimi deyirəm ki, müharibə uzun çəkməyəcək. Bu gedişlə Qarabağ tezliklə azad olunacaq, itkilərimiz də az olacaq”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: MaşallahAbdullayev   MilliQəhrəman