Qara görə bəzi yollar bağlandı - DYP-dən ilk AÇIQLAMA

Qara görə bəzi yollar bağlandı - DYP-dən ilk AÇIQLAMA
  31 Yanvar 2014    Oxunub:2517
Azərbaycanda güclü qarın yağması ilə əlaqədar bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, dünən gecə saatlarında 100-ə yaxın sərnişin Bakı-Şamaxı yolunda qalıb:

“Dünən saat 22:00-dan gecə saat 03:00-a qədər Bakı-Şamaxı yolunun 25-ci kilometrindən 55-ci kilometrinə qədər güclü qar yağıb. Bu, çovğunla müşayiət olunduğundan təxminən 100-ə yaxın sərnişin avtomobillərdə qalıb və onlar Yol Patrul Xidməti əməkdaşlarının köməyi ilə şəhərə çatdırılıb. Hazırda bütün respublika ərazisinə qar yağır. Ayrı-ayrı yerlərdə qarın güclü olması, yolların buz bağlaması səbəbindən müəyyən tipli nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Əsas etibarilə hər iki oxu aparıcı olan, qış mövsümünə uyyğun şinlərlə təchiz olunmuş nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Yol İstismar idarələrinin köməyi ilə bütün ərazilərdə yollar qardan təmizlənir”.

Sumqayıt yolundakı narahatlığa gəlincə isə K.Əliyev bildirib ki, sürücülər əvvəldən hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumatlandırılmışdı:

“Biz məlumat vermişdik ki, bu günlərdə qar olacaq, yollar buz bağlayacaq. Ona görə də bəzi sürücülərə nəqliyyat vasitələrini idarə etmə təcrübələri olmaması, avtomobillərinin şinlərinin yay mövsümünə uyğun olması onlara problem yaradır. Eyni zamanda onlar digər hərəkət iştirakçılarına problem yaradırlar. Yolun enişli-yoxuşlu hissələrində çətinlik çəkirlər, digər avtomobillərin maneəsiz hərəkətinə çətinlik yaradırlar.

Qəzalarla bağlı isə K.Əliyev bunları deyib: “Ötən gecə Ağstafa ərazisində maşın aşması nəticəsində 4 nəfər həlak olub. Digər ərazilərdə isə ciddi qəzalar qeydə alınmayıb. Belə ki, Bakıda gecə saat 1-ə işləmiş avtomobil maneəni vurub nəticədə bir nəfər xəsarət alıb. Dünən Xəzər rayonunda 17:15 radələrində isə piyada vurma hadisəsi qeydə alınıb ki, bunun qarla bağlılığı yoxdur”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti