ÜDM-in həcmi artıb

  28 Yanvar 2014    Oxunub : 818
ÜDM-in həcmi artıb
2013-cü ildə ölkədə istehsal olunan ümumi daxili məhsulun həcmi 5,8 faiz artıb.
İlkin hesablamalara görə 2013-cü ildə ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilə nisbətən 5,8 faiz artaraq 57,7 milyard manata çatıb. Ümumi daxili məhsulun adambaşına düşən həcmi 6207,3 manat (7912,5 dollar) təşkil etmiş və 4,4 faiz artıb.

AzVision.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, bu dövrdə cari qiymətlərlə 84,8 milyard manatlıq məhsul və xidmətlər istehsal olunmuş, məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 27,1 milyard manat və ya məhsul və xidmətlər buraxılışının 32 faizini təşkil edib.

2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10 faiz artımı qeydə alınmış, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlib. Ümumi daxili məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb.

2013-cü ildə sənayedə 26,7 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 46,3 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 milyard manatlıq (5,3 faiz), tikintidə 6,8 milyard manatlıq (11,8 faiz), nəqliyyat və anbar təsərrüfatında 2,8 milyard manatlıq (4,8 faiz), informasiya və rabitə xidmətlərində 1 milyard manatlıq (1,8 faiz) həmçinin, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 4,1 milyard manatlıq (7,1 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 1,1 milyard manatlıq (1,8 faiz), sosial və digər xidmətlər sahəsində isə 8,5 milyard manatlıq (14,7 faiz) əlavə dəyər yaradılıb.

Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.

Teqlər: