Bir dəfndən uğursuz telereportaj...

Bir dəfndən uğursuz telereportaj...
  24 Yanvar 2014    Oxunub:986
Müsəllim Həsənov

Bakıda baş verən və geniş ictimai rezonans doğuran sonuncu hay-küylü intihardan danışmaq istəmirəm. Bu barədə kifayət qədər çox danışılıb, çox yazılıb. Bir telejirnalist kimi mənim diqqətimi başqa bir şey – intihar etmiş gəncin dəfnindən çəkiliş aparmaq istəyi, bu çəkilişə qoyulan qadağa və ona reaksiyalar cəlb etdi...
Bir evdə, bir ailədə faciə baş verib və niyə, hansı səbəbdən baş verməsindən asılı olmayaraq, ailə gənc övladını itirib. Və o övladı dəfn etməlidir və dəfn edir. Bu vaxt hansısa televiziya kanalından gəlirlər ki, biz dəfn mərasimini lentə almaq istəyirik. Ev sahibi, necə deyərlər, “ölü yiyəsi” bu çəkilişə icazə vermir.

Normal ölkələrdə həmin televiziya kanalının əməkdaşı şələ-şüləsini (kamera-mikrafonu) yığışdırıb hadisə yerini tərk edir...
Bizdə isə televiziya əməkdaşı israr eləyir ki, mən çəkməliyəm. Və ən dəhşətlisi də odur ki, söz azadlığına, mətbuat haqqında qanuna, nə bilim, insan hüquqlarına istinad edir...

Bütün bunların isə evində faciə yaşanan ailəyə dəxli yoxdur! Çünki ailə öz problemi ilə məşğuldur... Və şəxsi faciəsinin televiziyada nümayişinə qadağa qoymaqda tamamilə haqlıdır.

...Doğulmaq, ölmək və hətta ölən əzizini dəfn eləmək insanın şəxsi həyatına aid məsələdir. Şəxsi həyat isə toxunulmazdır. Azərbaycan Respublikasının Konstitusiyasında da belə yazılıb, adət-ənənəmiz də bunu tələb edir, elementar məntiq də!

Dünyanın bütün normal ölkələrində də oxşar vəziyyətdə məsələyə yanaşma belədir.

Bir neçə il əvvəl Amerika Birləşmiş Ştatlarında uzunmüddətli ezamiyyətdə olarkən televiziya üçün çəkilişlər aparırdıq. Təbii ki, qabaqcadan müvafiq rəsmi şəxslərlə razılaşdırmaq şərtilə!

Bir dəfə şəxsi klinikadan çəkiliş aparmalı olduq və klinika rəhbərliyinin razılığını alıb işə başladıq. Bizə icazə verən “ev sahibi” foyedə çoxlu pasiyentin olduğunu görüb izah etdi:

- Klinikanın divarlarını, stendləri sərbəst çəkə bilərsiniz, istənilən həkimlə söhbət etmək olar, tibbi avadanlığın göstərilməsinə qadağa yoxdur. Amma foyedə əyləşən pasiyentləri çəkmək olmaz!

O vaxt köhnə sovet məktəbi görən bizlər üçün demokratik ölkədə bu məhdudiyyət bir qədər təəccüblü görünmüşdü. Və onda xəstəxana nümayəndəsi elementar bir izahat vermişdi:

- Bu klinika, bu divarlar, burdakı tibbi avadanlıq bizə məxsusdur və biz sizə çəkiliş aparmağa icazə veririk. Amma bura gələn insanlar, o cümlədən xəstələr bizlik deyil! Özləri bilərlər, istəsələr çəkilməyə razılıq verərlər, istəməsələr yox!!!

Onda hətta halsız vəziyyətdə yatan xəstənin də onun öz razılığı olmadan çəkilməsinə icazə verməmişdilər.

İnsan haqqına, insan şəxsiyyətinə - hətta o halsız vəziyyətdə olsa belə, - hörmət bu deyilmi?

Bizdə nə baş verir?

Ailə faciə içindədir, biz isə tez-tələsik kamera götürüb özümüzü çatdırırıq ki, peşə borcumuzu yerinə yetirməyə gəlmişik!
Axı belə olmaz!
Vallah, olmaz!
İcazə verilmirsə, çəkmək qadağandır!
Bu, artıq şəxsi həyata müdaxilədir!
Bu, insan haqqlarının kobud surətdə pozulmasıdır!
Bu, adət-ənənəmizə hörmətsizlikdir.

Ailədə faciə baş verib, ailə gənc övladını ititrib. Bu insanın qeyri-ənənəvi cinsi mənsubiyyəti onun və ya ailə üzvlərinin bu təməl hüquqlarını qətiyyən məhdudlaşdırmır. Hətta ölən adam İslam dininin günah saydığı intihar yolu ilə dünyasını dəyişsə də...


Teqlər:





Xəbər lenti