Bakıda işıqforların sayı artırılır

Bakıda işıqforların sayı artırılır
  05 Avqust 2020    Oxunub:5173
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən piyada işıqforlarının və nizamlanan yol kəsişmələrinin sayının artırılması, nəqliyyat axınına uyğun idarə olunması və saxlanılması istiqamətində mütəmadi olaraq işlər görülməkdədir.
BNA-dan Azvision.az -a verilən məlumata görə, Agentliyin fəaliyyət dövrü ərzində 19 yol kəsişməsində yeni işıqfor obyektləri quraşdırılıb, piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması məqsədilə 7 məntəqədə xüsusi düymə ilə idarə olunan işıqforlar quraşdırılaraq nizamlanan piyada keçidləri təşkil edilib,14 məntəqədə mövcud işıqfor obyektlərinə əlavə piyada bölmələri yerləşdirilib, görmə məhdudiyyətli şəxslərin rahatlığı və təhlükəsizliyi üçün 4 məntəqədə mövcud işıqfor dirəklərinə çağırıcı qurğular quraşdırılıb, Ş.İ.Xətai prospektinin Ə.Ağaoğlu və Dəmirçizadə küçələri ilə kəsişmələrində mövcud işıqforlar smart tipli işıqforla əvəz edilib.

Həmçinin Xəzər rayonu, Binə qəsəbəsində ilk dəfə olaraq Əli İsazadə və Fuad Aynulov küçələrinin kəsişməsində işıqfor obyektləri quraşdırılmış, işıqfor dirəklərinin üzərinə görmə məhdudiyyətli şəxslərin rahatlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə xüsusi səsgücləndirici qurğular yerləşdirilmişdir. Artıq istifadəyə verilmiş işıqfor obyektlərinin aşağıda göstərilmiş üstünlükləri vardır:

Piyadaların, xüsusilə görmə məhdudiyyətli şəxslərin təhlükəsizliyi və rahatlığı təmin edilmiş
Xaotik hərəkətin qarşısının alınması nəticəsində nəqliyyat ləngimələri aradan qaldırılıb.

Bundan başqa, yarana biləcək tıxac və sıxlıq hallarının qarşısının alınması üçün ərazidə qanunsuz parklanmalara qarşı mübarizə tədbirləri də gücləndirilib.

Hazırda bütün istiqamətlər üzrə görülən işlər davam etdirilir. Cari ilin sonuna kimi daha 30 məntəqədə yeni işıqfor obyektlərinin quraşdırılması planlaşdırılır.

Ümumilikdə isə hazırki şəraitdə Bakı şəhərinin 342 məntəqəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti işıqforlar vasitəsilə nizamlanır ki, bunların 153 ədədi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunur. Nəqliyyat axınına uyğun olaraq həmin işıqfor obyektlərinin faza vaxtları tənzimlənir, günün əsasən pik saatlarında ehtiyac olduğu təqdirdə yaşıl dalğa əmri verilir.

Azvision.az


Teqlər: BNA  





Xəbər lenti