General-leytenant: “Düşmənə 10 qat artıq cavab verilir”

  16 İyul 2020    Oxunub : 21274
  General-leytenant:  “Düşmənə 10 qat artıq cavab verilir”
"Aprel döyüşlərindən sonra Serj Sarkisyan sarsıldı və bir neçə ildən sonra vəzifədən getdi. Ermənistanda xalq görür ki, ölkədə sosial-iqtisadi sahədə heç bir irəliləyiş yoxdur".
Bunu Azvision.az-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gələndən sonra David Tonoyan kimi səviyyəsiz adamı müdafiə naziri təyin edib.

"Ermənistan hakimiyyəti ölkədəki ağır vəziyyətdən diqqəti yayındırmaq və insanlarda guya onlara inam yaratmaq üçün sərhəddə təxribat törətməyə başladı. Onların təxribat cəhdləri alınmadı. Azərbaycan Ordusu düşmənin layiqli cavabını verdi və bundan sonra da onlara onqat artıq cavab veriləcək. Düşmən iriçaplı pulemyotlardan, müəyyən raket, reaktiv yaylım sistemlərindən istifadə etdi. Bizim ordudakı qorxmaz, savadlı generalımız və zabitlərimiz şəhid oldu. Sözsüz ki, bunu heç bir zaman bağışlamalı deyilik, bağışlamağa haqqımız da yoxdur. Şəhidlərin qisası alındı və bundan sonra da alınacaq. Müdafiə Nazirliyinin rəhbərliyi müəyyən tədbirlər görüb, onların qisasını alıblar. Heç bir şəhidin qanı yerdə qalmayacaq".

Hansı hədəflərin məhv edilməsinə gəlincə, general-leytenant bildirib ki, ön xəttdə müdafiədə duran hərbi hissələri, artilleriya vasitələrini, iriçaplı pulemyotları məhv etməli, düşmənə daha sarsıdıcı zərbələr vurmalıyıq:

"Bizdə sursat ehtiyatı kifayət qədərdir. Çünki sursatın çox hissəsi Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilir. Azərbaycanın kifayət qədər vəsaiti var. Xalq da bilməlidir ki, Azərbaycan Ordusu hər an istənilən təcavüzün qarşısını almağa qadirdir. Düşməni qanına qəltan etmək lazımdır ki, onlar bundan sonra təxribat törətmək fikrində olmasınlar".

Aytən Zəhra
Azvision.az

Teqlər: General   Aydəmirov