İran Azərbaycanla ticarət əlaqələrini gücləndirmək istəyir

  02 İyul 2020    Oxunub : 2043
İran Azərbaycanla ticarət əlaqələrini gücləndirmək istəyir
İranla Azərbaycan arasında ticarət və ixracat əlaqələri illər əvvəldən mövcuddur və çalışırıq ki, bu əlaqələri gücləndirək.
Azvision.az xəbər verir ki, bu barədə Germi və Ənqut şəhərlərinin İran parlamentindəki nümayəndəsi, İslami Şura Məclisinin İctimai Komissiya sədrinin müavini Vəli İsmayılı deyib.

Onun sözlərinə görə, İran, xüsusilə də Ərdəbil əyaləti Azərbaycanla qonşu olması səbəbindən ixracat və ticarət baxımından, eləcə də kənd təsərrüfatı məhsulları sektorunda yaxşı əlaqələrə malikdir.

"İranın qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsində parlamentin rolunu nəzərə alaraq, 11-ci parlamentdə də İranın Azərbaycanla ticarət balansını artırmağa çalışacağıq. İran və Azərbaycan arasında ticarət əlaqələrinin icra olunan plana uyğun inkişafı məqsədilə qərara alınıb ki, iki ölkə arasında parlament dostluq qrupu yaradılsın. Bu qrup iki ölkə arasında ticarət əlaqələrinin artmasında əsas rol oynayacaq", - deyə V. İsmayılı vurğulayıb.

O, həmçinin əlavə edib ki, iyulun 8-də Germidə Azərbaycanın müvafiq qrupları ilə görüş keçiriləcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan