"İnək konsepsiyası" - Azər Qismətin yazısı

      "İnək konsepsiyası"    - Azər Qismətin yazısı
  09 İyun 2020    Oxunub:3214
Azər Qismət

Əvvəllər elə düşünürdüm ki, Milli Şuranın iclası ötən əsrin bolşevik iclaslarındakı kimi siqaret dumanı içində keçir, müzakirlər ara vermir, birinin sözü digərinin boğazından keçmir, boğazlar quruyur, çayçı da tez-tez çayları dəyişir. Siyasi-iqtisadi müzakirələr o qədər dramatik xarakter alır ki, bir-birindən inciyir, qışqırırlar.
Məsələn, Cəmil Həsənli iqtisadiyyatın çiçəklənməsi məsələsində Adam Smitin konsepsiyasını əsas götürür. Digərləri etiraz edirlər ki, xeyr, biz Sinqapur iqtisadi sistemini əsas götürməliyik. Mübahisə edirlər, iş hətta əlbəyaxa davaya çevrilir.
Başqası fiziki mübahisəyə su səpmək üçün deyir ki, “Cənablar, biz öz iqtisadi modelimizi yaratmalıyıq, çünki hər bir ölkənin iqtisadiyyatı milli ənənələrlə söykənməli, uyğunluq təşkil etməli, hətta bu istiqamətdə Fəlsəfə İnstitutu da konsepsiya hazırlamalıdır”.

Yenə razılaşmırlar, bildirilər ki, milli iqtisadi konsepsiyanın tətbiqi uzun illər çəkəcək. Bir başqası da yerdən söz atır ki, “ABŞ hələ 200 ildən çoxdur ki, yeni əlavə və düzəlişlər etməklə məşğuldur, ona görə də lazım deyil, kimdənsə götürməliyik”.
Bu mübahisəni Əli Kərimli kəsir və bildirir ki, “Siz niyə gödəniyyəti əsas götürürsüz, əsas məsələ mədəniyyət konsepsiyasının işlənməsidir”.

Dava edənlər sakitləşir və maraqla ona baxırlar. Əli Kərimli Konrad Adenauerdən misal çəkib deyir ki, “Vaxtilə o, alman xalqına səslənmişdi ki, biz bu gün üçün yaşamalı olsaq, iqtisadiyyatı inkişaf etdirməliyik, amma mədəniyyət konsepsiyasını yaratsaq, onun bəhrəsini 10-20 ilə görəcəyik. Cəmiyyət mədəni olsa, digər problemlər rahatlıqla həllini tapacaq”. Xaricdən bu iclasa qoşulan Qurban Məmmədov yumruğunu sıxaraq deyir ki, “əsas siyasi konsepsiyadır”. Müzakirələr yenidən qızışır. Milli Şuranın iclası bitir. Bununla kifayətlənməyib, gecə WatsAppla bir-birinə dəlil-sübutlu faktlar göndərirlər, hətta eləsi olur ki, yatmır və növbəti iclasa təqdim etmək üçün konsepsiyasında dəyişiklik edir.

İnana bilməzsiz, mən onların iclasını belə təsəvvür edirdim. Pandemiya şərairindəki online iclaslar düşündüklərimi alt-üst etdi. Qarşıma çıxanda Milli Şuranın iclaslarına baxıram. Yox, kiminsə dirsəklənməsi, kiminsə dişini qurdalaması, kiminsə mürgüləməsi, çay içə-içə qəndi xırçıldatması, onları demirəm. Çox vacib məsələyə toxunurlar, məsələn son iclaslardan birində Gültəkin Hacıbəylinin inəkdən söz açması kimi. Daha doğrusu, buğadan. Deyir ki, buğa inəyin əridir. Bunu bir lətifədən deyir. Niyə o lətifə yadına düşüb, anlaşılmır.

Haradasa güman etmək olar ki, Milli Şuranın üzvləri mənəviyyatın və söz sənətinin ən üst səviyyəsinə gəlib çatdıqlarından, çıxışlarını şablon əsaslarla qurmurlar, sadə söz və cümlələrdən qaçırlar, fikirlərini əşyalarla, heyvanlarla əsaslandırırlar, Ezop dili ilə danışır, mətnaltı kontekslərlə çıxış edirlər. Ancaq Cəmil Həsənlinin hökumətlə dialoq quran müxalifət partiyalarını "tryapka" adlandırması yenə aydın edir ki, Ezop dili deyil. Əsl məhəllə söhbəti gedir, bircə qanuni oğrunu taclandırmaq qalır. Necə də hazırcavablıq. Deyir ki, o "trpayka" ilə ayaqqabını da silməzlər, hamısı da gülür. Başqa vaxt Şəmi ilə Şöşünü tənqid edənlərin gülüş bucağı belədir.

“Biz onların iclasına baxmırıq” deyib, keçməyin. Heç bilirdiniz ki, buğa inəyin əridir? Bilmirdiniz. Siz heç buğanı kəldən ayıra bilmirsiz. Onlar bu iclaslara yaradıcı yanaşırlar. İnəkdən-dəvədən danışırlar. İnək ictimai istehsal vasitəsidir. Ümumiyyətlə, Milli Şura üzvləri ictimai xüsusiyyət daşıyan hər nəsnədən danışır. İnək də bu kateqoriyaya aiddir.

İndi kimsə yazacaq ki,dünyadakı müxalifət liderləri hökumətə iqtisadi konsepsiya təklif edirlər, ümummilli məsələlərdə birgə fəaliyyət göstərirlər, Azərbaycan müxalifəti də belə. Razı deyiləm. Şəhərdə oturub arzulayırsız ki, təmiz inək südü olaydı, marketdə az qalırsınız ki, laboratoriya qurub, südün tərkibinə baxasınız. Ona görə də, inək daha vacibdir. Milli Şura da məsələyə primitiv şəkildə təbii tələbatın ödənilməsi nöqteyi-nəzərdən deyil, daha geniş mənada, konseptual yanaşır. O düşərgədə "inək konsepsiyasının" həyata vəsiqə qazana biləcəyinə əmin olanlar heç də az deyil.


Teqlər: Milli-Şura  





Xəbər lenti