“Sosial şəbəkələr ağır fəsadlara zəmin yarada bilir” - Elşad Mirbəşiroğlu

“Sosial şəbəkələr ağır fəsadlara zəmin yarada bilir” -  Elşad Mirbəşiroğlu
  01 İyun 2020    Oxunub:5773
Sosial şəbəkələrin bu gün insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsi danılmaz faktdır. Son illər hədsiz dərəcədə kütləviləşən sosial media resursları sanki real aləmə paralel bir virtual dünya formalaşdırıb və hər bir insan özünü bu və ya digər formada həmin virtual aləmin bir parçası kimi hiss edir. Yaxud da hiss etməlidir. Çünki müasirləşən dünyada münasibətlər sistemi dövrün informasiya-kommunikasiya mexanizmlərinə inteqrasiya ilə şərtlənir.
Bunu Azvision.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, müasir dünyada insanlar müxtəlif təyinatlı məqsədlərini həyata keçirmək üçün ən son texnoloji resurslardan istifadə etməyə məhkumdurlar.

"İnsanlararası ünsiyyətin bütün parametrlər üzrə ən əlverişli və müasir vasitəsi hesab olunan sosial media platformaları da bu zərurətlərə görə cəmiyyət həyatına birdəfəlik daxil olub. Əlbəttə, bütün bu perspektivlər sosial şəbəkələrin mütərəqqi bir hadisə kimi ictimai münasibətlərin təkamülü şəraitində meydana gəldiyini deməyə əsas verir. Hər halda insanların informasiya resurslarına əlçatanlığının daha asan təmin olunması və hər kəsin bir növ informasiya istehsalçısı kimi çıxış edə bilməsi sosial media vasitələrini əvəzolunmaz platforma halına gətirir. Lakin digər tərəfdən münasibətlər sistemi hüquqi müstəvidə tənzimlənmədiyi təqdirdə sosial şəbəkələr terrorizmin, şiddət və nifrətin təbliğ olunması, şəxsiyyətin şərəf və layaqətinin alçaldılması, habelə narkotik vasitələrin internet üzərindən satılması, süni yollarla kütləvi narazılığın yaradılması, vətəndaş müharibələri və s. kimi ağır fəsadlara zəmin yarada bilir".

Deputat bildirib ki, müharibə nəzəriyyəçilər tərəfindən sosial şəbəkələrin müasir dövrün ən təsirli hibrid təhdid elementi kimi dəyərləndirilməsi təsadüfi deyil: "Söz yox ki, sosial media vasitələrinin bu kimi xoşagəlməz nəticələr doğurmasını şərtləndirən amillərdən biri istifadəçi anonimliyidir. Heç bir real kimliyi təmsil etməyən saxta hesablar mənəvi terror aləti rolunda çıxış edərək ayrı-ayrı qrupların, konkret fərdlərin təhqir olunması, cəmiyyət daxilində nifaq toxumlarının səpilməsi və digər qanunazid əməllərin reallaşmasına şərait yaradır. Eyni zamanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən universal normaların mövcud olmaması sadaladığım zərərli əməllərin geniş yayılmasını təmin edir. Məhz bu boşluğun yaratdığı ciddi problemlər qlobal miqyasda sosial media vasitələri ilə bağlı tənzimləyici normaların yaradılması prosesinə təkan verib. Qeyd etmək lazımdır ki, haqqında bəhs etdiyimiz sahədə bu gün müşahidə olunan ən aktual problemlərdən biri də paylaşılan məlumatlara görə sosial şəbəkə rəhbərliyinin cavabdehlik daşımamasıdır. Məsələn, mövcud ABŞ qanunvericiliyində istifadəçilərin yazdığı kontentə görə internet resursunun rəhbərliyini heç bir məsuliyyət sahibi etmir".

E.Mirbəşiroğlu qeyd edib ki, informasiya təxribatçılarının əl-qolunu açan bu amil virtual dünyada bir növ cəzasızlıq şəraitinin yaranmasına rəvac verib.

"Prezident Trampın imzaladığı sonuncu fərman isə həmin müddəanı dəyişdirmək məqsədi daşıyır. Yəni artıq sosial şəbəkələrin rəhbərliyi saxta profillərdən yayılan nifrət, şiddət, terrorizm təbliğatına, böhtanlara, təhqirlərə, fərdin şərəf və ləyaqətinin pozulması faktlarına, habelə xalqların və dövlətlərin taleyinə təsir göstərə biləcək zərərli məlumatların yayılmasına görə məsuliyyət daşıyacaqlar. Hələlik fərmandan irəli gələn texniki və hüquqi prosedur qaydaları haqda detallı məlumat verilməsə də, bu addımın sosial media sferasında inqilabi dəyişikliklərə yol açacağı ehtimal olunur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Trampın bu təşəbbüsünə dünya dövlətləri tərəfindən böyük dəstək nümayiş olunmaqdadır".

Deputatın sözlərinə görə, nəhayət ki, sosial şəbəkələrlə bağlı universal standartların tətbiq olunmasını zəruri hesab edən qlobal tendensiya gedir: "Azərbaycan da sosial şəbəkələrin ən xoşagəlməz təsirlərinə məruz qalan ölkələrdən biridir. Bütün neqativlərə baxmayaraq, ölkəmizdə sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdıran heç bir addım atılmayıb. İnsanların sosial media vasitələrindən istifadəsinə tamamilə dözümlü yanaşan Azərbaycan dövləti hesab edirəm ki, eyni zamanda sosial şəbəkələrin fəaliyyətini tənzimləyən universal mexanizmlərin formalaşmasına dəstək olmalı və özünün qanunvericilik bazasını bu istiqamətdə təkmilləşdirməklə prosesə öz müsbət töhfələrini verməlidir".

Azvision.az


Teqlər: Sosialşəbəkə   Deputat  





Xəbər lenti