Netanyahu məhkəmə qarşısına çıxarılır - Ölkədə aksiyalar keçirilir

  24 May 2020    Oxunub : 3104
 Netanyahu məhkəmə qarşısına çıxarılır -  Ölkədə aksiyalar keçirilir
Qüdsdə İsrailin Baş Naziri Benyamin Netanyahunun məhkəməsi olan binanın qarşısında onun tərəfdarları və əleyhdarları aksiya keçirirlər.
Azvision.az xəbər verir ki, bu barədə I24 telekanalı məlumat yayıb.

Bildirilir ki, Baş Nazirin təxminən 200 nəfər tərəfdarı Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyasının rənglərinə boyanan plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Netanyahunun əleyhdarları isə onlardan aralı dayanaraq İsrail bayrağını dalğalandırırlar.

İsrailin dövlət radiosu "Kan"ın yaydığı məlumata əsasən, ölkə tarixində ilk dəfə kabinetin hazırkı rəhbəri müttəhim kürsüsündədir. Baş Nazirin iştirak edəcəyi məhkəmə iclası yerli vaxtla saat 15:00-da başlamalıdır.

Xatırladaq ki, Benyamin Netanyahu üç iş üzrə - korrupsiya, dələduzluq və ictimai etimaddan sui-istifadədə ittiham olunur.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: BenyaminNetanyahu   İsrail