Könüllülər yeni şəraitdə fəaliyyətlərini geniş miqyaslı aksiyalarla davam etdirirlər
Kampaniyanın ilk günü çərçivəsində könüllülər daha çox təşviqat xarakterli maarifləndirmə fəaliyyəti aparıb, küçədə maskasız gəzən şəxslərə tibbi maska və əlcəklər təqdim edib, maska taxmağın vacibliyi və istifadə qaydaları barədə məlumat verib, insanların çox toplaşdığı yerlərdə (banklar, poçt, mağazalar və s.) sosial məsafənin saxlanılmasını təmin edib, obyektlərə daxil olanların əllərini və mağazalardakı ödəmə terminallarını dezinfeksiya ediblər.
Eyni zamanda, sakinləri Nazirlər Kabineti yanında operativ qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara diqqət yetirməyə, zərurət olmadan evdən çıxmamağa çağırıblar.
Könüllülər özlərinin nümunəsində əyani şəkildə sosial məsafə saxlamağın vacibliyini nümayiş etdiriblər.
Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci ildə formalaşan və fəaliyyətində “ASAN Könüllüləri” Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, “Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” Təşkilatı, “Ekokönüllüləri” Qrupu, “AFFA və Avro-2020” Könüllülər Proqramı, “Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Gənclər Fondu tərəfindən həyata keçirilir.
Öz fəaliyyətində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən respublikanın, demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilib.
Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən “Böyüklərimizi qoruyaq!”, “Könüllü qonşu”, “Könüllü donor” aksiyalarında minlərlə könüllü iştirak edib.
Azvision.az
Teqlər: Könüllülər