Azərbaycan məhsulları Polşa marketlərində

Azərbaycan məhsulları Polşa marketlərində
  16 May 2020    Oxunub:4697
lkəmizin qeyri-neft sektoru ixracının artırılması və Azərbaycan istehsalı olan məhsulların xarici ölkələrdə daha çox tanıdılması, yeni ixrac bazarlarına çıxarılması və satışının təşkili istiqamətində işlər davam etdirilir.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a bildirilib ki, bu məqsədlə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin təşəbbüsü, aparılan danışıqlar və bazar araşdırmalarının nəticəsi olaraq Polşanın paytaxtı Varşava şəhərindəki 3 “Carrefour” supermarketində və Kielçe şəhərindəki “Carrefour” supermarketində “Made in Azerbaijan” stendləri yerləşdirilib.

“Made in Azerbaijan” stendlərində Azərbaycan istehsalı olan müxtəlif növ şərablar, mürəbbələr, kompotlar, nar şirəsi, narşərab, salatlar, çay təqdim olunur. Bununla yanaşı, marketlərin alış-veriş zallarında alıcıların diqqətini cəlb edən və stendlərə doğru istiqamətləndirən reklam banerləri asılıb. Bəzi məhsullarımız marketlərin rəflərində də yerləşdirilib.

Stendlərin ilkin olaraq 2 aylıq müddətinə yerləşdirilməsi nəzərdə tutulur və məhsullarımızın satış göstəricilərindən asılı olaraq, müddət artırıla bilər.

Qeyd edək ki, Polşada fəaliyyət göstərən pərakəndə satış şəbəkələrində Azərbaycan istehsalı olan müxtəlif növ məhsulların vahid ölkə stendində satışı ilk dəfə təşkil olunur. “Made in Azerbaijan” stendlərindəki “Azersun Holding”, “Azgranata”, “Astaraçay”, “Aspi Agro”, “Marandi”, “Şərq ulduzu” MMC-lərin, “Abşeron Şərab” və “Göygöl Şərab Zavodu” ASC-lərin istehsalı olan məhsullar Varşavada fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin dəstəyi ilə təqdim edilib.

Avropa ölkələrində COVID-19 pandemiyasının yayıldığı və karantin tədbirlərinin tətbiq olunduğu dövrdə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının bu təşəbbüsü ölkəmizin qeyri-neft məhsulları ixracının artırılması və ixrac bazarlarının şaxələndirilməsinə xidmət edir.

Məlumat üçün bildirək ki, Fransanın “Carrefour S.A.” şirkəti dünyanın bir çox ölkələrində fəaliyyət göstərən aparıcı pərakəndə satış şirkətlərindəndir. Şirkət Polşa bazarında ilk marketini 1997-ci ildə açıb və hazırda 80-dən çox hipermarket, 160-dan artıq supermarket, 650-dən çox kiçik marketlərdən ibarət şəbəkəyə malikdir.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti