Türkiyəli nazir: “Hazırda BTQ-yə böyük tələbat var”

  13 May 2020    Oxunub : 2542
  Türkiyəli nazir:  “Hazırda BTQ-yə böyük tələbat var”
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yük tutumu artırılıb.

Azvision.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.
Onun sözlərinə görə, COVİD-19 tədbirləri çərçivəsində xarici ticarət tələbatı artdığından Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə 3500 ton tutumu təmin edəcək bir konteyner ötürmə sistemi əlavə edilib.

Yüksək təhlükəsizliyə görə dəmiryol nəqliyyatına tələbatın əhəmiyyətli dərəcədə artdığına diqqət çəkən nazir, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə, xüsusən də Orta Asiya ilə xarici ticarət nöqtəsində böyük tələbatın olduğunu bildirib.

"Hörmətli Prezidentimizin təlimatı əsasında BTQ xəttinin tutumunu artırmaq üçün bu çətin dövrdə işləri sürətlə tamamladıq. BTQ dəmiryolu xəttinə əlavə 3 min 500 ton tutumlu konteynerin qoşulması artıma imkan verəcək".

Onun sözlərinə görə, Gürcüstanla sərhəddə quraşdırılan konteyner ilə yük daşınması sürətləndirilib.

"Beləliklə, gündəlik xalis tutumu 3500 tona qədər artırdıq. Hazırda transfer sistemindən istifadə edən ilk qatarımız 1200 ton mineral, kənd təsərrüfatı məhsullarını Mersin, Derince və Dənizliyə aparmaq üçün yola çıxdı. Bu xətt Türkiyə, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Rusiya və Çin arasındakı ticarətdə əhəmiyyətli rol oynayır.

Bu xəttdən bu günə qədər 5250 konteynerdə 240 min ton ixrac malı, 5.300 konteynerdə 280 min ton idxal mal və ya Avropaya tranzit yük daşınıb. Bütün bunlar BTQ-nın nə qədər əhəmiyyətli sərmayə olduğunu ortaya qoydu”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BTQ