Onlayn qaydada beynəlxalq biznes forum keçirildi
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Komitə sədrinin müavini Cavad Qasımov diqqətə çatdırıb ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş, qabaqlayıcı tədbirlər ilk növbədə insanların sağlamlığının qorunmasına, iqtisadiyyata dəyən zərərin minimuma endirilməsinə yönəlib. Qeyd olunub ki, həyata keçirilən operativ və sistemli tədbirlərin nəticəsi olaraq artıq infeksiyanın məhdudlaşdırılması istiqamətində mühüm nəticələr əldə olunub.
İnfeksiyanın yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində gömrük orqanlarının cari ilin yanvar ayından etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərdiyini qeyd edən Cavad Qasımov sərhədkeçmə proseslərinin sürətli və maneəsiz şəkildə reallaşdırılması, qeydiyyat və nəzarət tədbirlərinin asanlaşdırılması istiqamətində mühüm addımlar atıldığını bildirib. Komitə sədrinin müavini onu da qeyd edib ki, koronavirusla əlaqədar ölkəmizin bütün sərhədlərində sərnişinlərin və yüngül minik nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulsa da, idxal-ixrac əməliyyatları və tranzit yükdaşımaları maneəsiz həyata keçirilir.
Bütün gömrük-keçid məntəqələrində dizbaryerlərin quraşdırıldığı, nəqliyyat vasitələrinin bir neçə mərhələdə dezinfeksiya olunduqdan, sürücülərin ətraflı tibbi müayinədən keçirildikdən sonra gömrük sərhədindən buraxıldığı diqqətə çatdırılıb.
Cavad Qasımov pandemiya dövründə sahibkarlarla görüşlərin onlayn formatda davam etdirildiyini, onları maraqlandıran məsələlərin həlli istiqamətində operativ tədbirlərin görüldüyünü vurğulayıb.
Forumda üç ölkə arasında tranzit daşımaların asan və sürətli şəkildə həyata keçirilməsi, ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması istiqamətində müzakirələr aparılıb.
Azvision.az
Teqlər: DGK