Vitse-spiker icra başçılarının həbsinə münasibət bildirdi

  07 May 2020    Oxunub : 2520
 Vitse-spiker icra başçılarının həbsinə münasibət bildirdi
Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müxtəlif sahələrdə islahatlar həyata keçirilir. Bu islahatlar xalqın rifahının yaxşılaşdırılmasına, sosial dövlətin inkişaf etdirilməsinə və ölkəmizin inkişafına hesablanıb. İslahatlar yalnız sosial-iqtisadi sahələri əhatə etmir, eyni zamanda, struktur dəyişikliklərini də qaçılmaz edir. Nəticə etibarı ilə Prezident Administrasiyasında, Nazirlər Kabinetində çox ciddi islahatlar aparıldı və həmin islahatların məntiqi davamı olaraq Milli Məclisdə analoji islahatlara başlandı.
Azvision.az xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev deyib: “Cənab Prezident islahatların həyata keçirilməsi ilə yanaşı, korrupsiyaya və digər mənfi əməllərə qarşı qətiyyətli mübarizənin anonsunu da verdi və ilkin olaraq bütün vəzifəli şəxslərin bu əməllərdən çəkinməsini tələb etdi. Belə deyə bilərik ki, ilk növbədə, humanist qərar qəbul edildi və xoşagəlməz hallara birmənalı şəkildə son qoyulması tapşırıldı. Lakin bəzi məmurlar, xüsusilə yerli icra hakimiyyətinin başçıları bu tənqidlərdən nəticə çıxarmayaraq, rəhbərlik etdikləri rayonların paytaxtdan uzaq olduğunu düşünərək yerli əhalini incitməkdən çəkinmədilər.

Ölkə başçısı daim vurğulayır ki, dövlət qulluqçuları xalqın xidmətçiləri olmalıdırlar. Amma bəzi sabiq icra hakimiyyəti başçıları bu tövsiyədən nəticə çıxarmadılar və təbii ki, belə olan halda dövlət başçısı tərəfindən qətiyyətli mövqe nümayiş etdirildi. İlkin olaraq Ağstafa RİH-in və Yevlax RİH-in sabiq başçılarına qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çox uğurlu əməliyyatlar həyata keçirildi və nəticədə onların rüşvət alması təkzibolunmaz sübutlarla təsdiqləndi və barələrində əsaslı olaraq cinayət işi başlandı, məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildi.

Növbəti analoji hallar Neftçala, Biləsuvar və son olaraq İmişli rayonlarında yaşandı. Bu üç rayonun başçıları tərəfindən onlara göstərilmiş etimaddan sui-istifadə edərək korrupsiya cinayətləri törədildiyi sübut olundu. Onların törətdikləri digər cinayətlərə baxanda, həvalə edilmiş vəzifəyə qarşı kobud münasibətləri aşkar görünür. Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına qoşularaq gözəgörünməz düşmənə – koronavirus təhlükəsinə qarşı səfərbər olduğumuz bir vaxtda təəssüf ki, acgöz məmurlar xalq-iqtidar birliyini pozmağa və yerlərdə narazılıqlar yaratmağa cəhd edirlər.

Sabiq yerli icra hakimiyyəti başçıları yalnız sosial müdafiəyə ehtiyacı olan şəxslərin əməkhaqqı kartlarını mənimsəməklə kifayətlənməmiş, yerlərdə kiçik bir “rüşvət” şəbəkəsi quraraq rayonda olan təhsil, səhiyyə və maliyyə sahələrinin hər birini korrupsiya bataqlığına çəkmiş və nəticədə cəzalanmışlar.

Bu, bir həqiqətdir ki, vəzifədə olan şəxs ona göstərilən etimaddan sui-istifadə etməz, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı təbəqə üçün ictimai iş yerlərinin yaradılması məqsədilə ayrılmış pula göz dikməz, pandemiya dövründəki bu çətin vəziyyətdə kasıb təbəqəyə çatacaq ərzağı öz qohumlarına göndərməz, habelə aztəminatlı ailələrin adına maddi yardımlar yazaraq onu özü mənimsəməz. Əlbəttə, bu cür mənfi əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir və qanun qarşısında mühakimə olunur, ictimaiyyətə də ətraflı məlumat verilir.

Diqqətəlayiq haldır ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə hazırda həm institusional yolla, həm də inzibati yolla aparılır, bütün məsələlər ətraflı araşdırılır və sonda vahid qərar qəbul edilir. Onu da qeyd etmək istəyirəm ki, yerli icra hakimiyyətlərindəki bu cür mənfi tendensiyaların azalması xoşagələn haldır, yoxsa bəzi sabiq məmurlar özlərini yerlərdə böyük vəzifə sahibi hesab edərək hətta vətəndaşlara məxsus olan torpaq sahələrini mənimsəməkdən belə çəkinmirdilər. Bu cür özbaşınalıqlar əsaslı olaraq yerli əhalinin narazılığına səbəb olur, nəticədə vətəndaşlar yuxarı instansiyalara müraciət edirlər. Təbii ki, həmin müraciətlər diqqətlə araşdırılır və obyektiv qərarlar qəbul edilir.

Bu günlərdə Prezident Baş prokuroru videoformatda qəbul edərkən bildirdi ki, bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Dövlətimizin başçısının bu çıxışı əsas tutularaq, bütün vəzifəli şəxslər cənab Prezidentin apardığı islahatlara dəstək verməli, üzərlərinə qoyulmuş vəzifələri dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq durmalıdırlar”.

Azvision.az

Teqlər: Vitse-spiker   Adil-Əliyev