“Vətəndaşlar əvvəlcədən onlayn növbə götürməlidirlər” - Ülvi Mehdiyev

“Vətəndaşlar əvvəlcədən onlayn növbə götürməlidirlər” -  Ülvi Mehdiyev
  25 Aprel 2020    Oxunub:5379
"ASAN xidmət" mərkəzləri daxilində vətəndaşların kütləvi toplaşmasının qarşısını almaq üçün vətəndaşlarımız qabaqcadan növbə əldə etməklə xidmətin imkanlarından yararlana biləcəklər".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, aprelin 27-dən "ASAN Xidmət" mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək:

"Sadəcə olaraq vətəndaşlar kütləvi toplaşmanın qarşısını almaq üçün əvvəlcədən növbə almalıdırlar. Bunun üçün 3 imkan yaradılıb. Hər kəs ağıllı telefonlarda "ASAN xidmət" mobil tətbiqindən isitifadə edə bilər. Vətəndaşlar seçdiyi mərkəz üzrə növbə götürə bilərlər. Onlar mərkəzə gəlib gözləmədən xidmət alacaqlar. Həmçinin asan.gov.az saytı vasitəsilə onlayn növbə götürə bilərlər. Vətəndaş sabahkı gün üçün özü vaxtı müəyyənləşdirə bilər. Cari gün üçün isə sistem avtomatik vaxtı təyin edir.

‌Üçüncü yol isə Çağrı Mərkəzinə (108) zəng vurub növbə götürməkdir. Qabaqcadan növbə götürməyənlər mərkəzə buraxılmayacaq".

Ü.Mehdiyev qeyd edib ki, görülən tədbirlər vətəndaşlar üçündür: "Əvvəlki dövrdə gün ərzində 30 min vətəndaş qəbul edilirdisə, hazırki dövrdə bu qədər insanın qəbul olunması yolverilməzdir".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti