Bu şəxslərin vergi və sosial yükü azaldılacaq

Bu şəxslərin vergi və sosial yükü azaldılacaq
  22 Aprel 2020    Oxunub:4677
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqının, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əmək haqqının müxtəlif dərəcələrində hesablanması nəzərdə tutulur.
Azvision.az -ın məlumatına görə, İqtisadiyyat Nazirliyinin hazırladığı Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri və tətilləri mexanizmində bildirilir ki, fiziki şəxslər, torpaq sahəsi 5 hektara qədər olduqda minimum maaşın 2%-i qədər, 5 hektardan 10 hektara qədər olduqda 6%-i qədər, 10 hektardan çox olduqda isə 10%-i qədər sosial vergi ödəyəcəklər.

Habelə torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.

Bundan başqa, mexanizmdə ölkədə sabit qəbz və fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərən vergi ödəyicilərinin sosial sığorta yükünün azaldılması məqsədilə sosial sığorta haqqının regionlar üzrə diferensial qaydada minimum aylıq əməkhaqqının müəyyən misli məbləğində hesablanması, habelə məcburi dövlət sosial sığorta üzrə inzibatçılığın və sosial sığorta ödənişləri üzrə prosedurların sadələşdirilməsi məqsədilə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini də sabit qəbz almaqla həyata keçirmələri təklif edilir.

Belə ki, hazırda Bakıda fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər 30 manat vergi və 62,5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 92,5 manat təşkil edir. Dəyişiklikdən sonra bərbər 30 manat vergi, 15 manat sosial sığorta ayırması həyata keçirəcək və onun cəmi vergi və sosial yükü 45 manata enəcək. Bu, bütövlükdə 47,5% azalma deməkdir.

Hazırda Bakıda taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə 18 manat vergi və 62.5 manat sosial sığorta haqqı ödəyirlər. Onların cəmi vergi və sosial yükü 80,5 manat təşkil edir. Dəyişikliklərdən sonra taksi sürən 9 manat vergi, 30 manat sosial sığorta ayırması həyata keçirəcək, cəmi vergi və sosial yükü 39 manata enəcək. Bu, bütövlükdə 51,5% azalma deməkdir.

Azvision.az


Teqlər: Vergi  





Xəbər lenti