Azərbaycan və Ermənistan XİN rəhbərləri danışıqlar apardılar - YENİLƏNİB

Azərbaycan və Ermənistan XİN rəhbərləri danışıqlar apardılar -  YENİLƏNİB
  22 Aprel 2020    Oxunub:8442
Bu ilin 21 aprel tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə video-konfrans formatında görüşü baş tutub. Tərəflər arasında müzakirələr bir saat yarımdan çox davam edib.
XİN-dən Azvision.az-a verilən məlumata görə, görüş zamanı tərəflər qlobal COVİD 19 pandemiyasının bölgəyə təsiri və bölgədəki ən son hadisələri müzakirə ediblər.

Tərəflərin cari ilin 30 yanvar tarixində Cenevrədə qəbul etdikləri birgə bəyanata uygun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə növbəti addımlar nəzərdən keçirilib. Koronavirus infeksiyasının yayılması ilə bağlı öncədən planlaşdırılmış humanitar tədbirlərin həyata keçirilməsinin, eləcə də nazirlərin görüşünün və həmsədrlərin bölgəyə səfərlərinin təxirə salındığı qeyd olunub. Bununla belə, bu tədbirləri hazırlamaq üçün müvafiq işin davam etdirildiyi vurğulanıb.

Mövcud ümumdünya sağlamlıq böhranı vəziyyətində atəşkəs rejiminə riayət olunmasının və hər hansı təxribatlardan çəkinmənin vacibliyi qeyd olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın mövqeyi dəyişilməz olaraq qalır və o, münaqişənin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında əks olunduğu kimi beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsinə əsaslanır.

Tərəflər təmasları saxlamağı və danışıqları mümkün qısa zamanda davam etdirməyi razılaşdırıblar.

Azərbaycan substantiv danışıqların intensivləşdirilməsini tələb edir, çünki bölgənin hazırda üzləşdiyi vəziyyətdən çıxmağın başqa bir yolu mövcud deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh prosesinin hərbi nəticələr olmadan irəli aparılması imkanlarını nəzərdən keçirirlər.

***
(19:22)

Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan arasında video-konfrans formatında görüş başlayıb.

Azvision.az xəbər verir ki, XİN rəhbərlərinin görüşü ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilir.



Azvision.az


Teqlər: XİN   Görüş   Qarabağ  





Xəbər lenti