“Prezident növbəti dəfə humanist addım atdı” - Deputatlardan əfv sərəncamına münasibət

“Prezident növbəti dəfə humanist addım atdı” -  Deputatlardan əfv sərəncamına münasibət
  07 Aprel 2020    Oxunub:2470
Aprelin 6-da Prezident İlham Əliyev tərəfindən “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalanıb. Dövlət başçısı bu sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.
Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv olunan şəxslər bu gün cəzaçəkmə müəssisələrindən evlərinə buraxılıblar.

Azvision.az Əfv Sərəncamı ilə deputatlardan münasibət öyrənib.



Milli Məclisin deputatı Fəzal Ağamalı bildirib ki, Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hümanizm, mərhəmət və xeyirxahlıq prinsipinə söykənərək unikal addım atdı.

“Bu, bir daha ölkə başçısının söykənmiş olduğu və hər kəsə nümunə olacaq hümanizmin ifadəsidir. Cəmiyyət tərəfindən bu addım yüksək qiymətləndirilir. Prezident müxtəlif cinayətlərə görə məhkum olunan, yaşı 65-dən yuxarı 176 vətəndaşı əfv etdi, onları azadlığa qovuşdurdu. Hər şeydən öncə yaranmış indiki situasiyada həmin insanların virusa yoluxma imkanlarını aradan qaldırmaq, məhdudlaşdırmaq, onların evlərdə təcrid vəziyyətdə qalması üçün belə bir addım atıldı. Onların həyatını ölkə başçısı xilas etdi. Bu, həm də insanlara indiyə qədər tətbiq olunan humanizmin yeni ifadə forması kimi diqqəti cəlb edir. Ölkə rəhbərinin atmış olduğu addım cəmiyyət tərəfindən yüksək səviyyədə qarşılandı”



Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı vurğulayıb ki, humanist və sosialyönümlü qərarların qəbulu bir tərəfdən Prezidentin həyata keçirdiyi siyasətin təməl prinsipidirsə, digər tərəfdən müntəzəm olaraq belə qərarların, sərəncamların qəbul edilməsi artıq ictimaiyyətin inandığı, güvəndiyi və etimad göstərdiyi liderindən ənənəvi gözləntiləridir.

“Həqiqətən də insanların həyatının həssas dönəmlərində, eləcə də əlamətdar tarixi günlərdə və milli bayramlarda onlara sevinc bəxş edilməsi möhtərəm Prezidentimizin idarəçilik üslubudur. Dünyada insanların qlobal təhlükə olan koronavirusla üzləşdiyi, bir çox ölkələrdə insanların təlaş və təşviş içində olduğu məqamda ölkəmizdə 176 nəfər məhkumun cəzasının bağışlanaraq azadlığına qovuşmasını təmin edən ölkə rəhbərinin addımları ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Sözsüz ki, bu ərəfədə belə bir əfv sərəncamının verilməsi 176 ailənin sıxıntılı dönəmlərində onlara sevinc bəxş edilməsi humanizm nöqteyi-nəzərdən çox təqdirəlayiq haldır. Qeyd etmək istərdim ki, ümumiyyətlə, ölkəmizdə son illərdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlara diqqət etsək, möhtərəm Prezidentimizin bu sahədə onun humanist siyasətinin, xüsusən cəzaların humanistləşməsinin bir daha şahidi olarıq”.



Deputat Jalə Əliyevanın sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanması bir daha onu göstərdi ki, Azərbaycan dövləti, onun Prezidenti kimliyindən, mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşı düşünür.

“Prezident İlham Əliyev koronavirus pandemiyasının yayılmış olduğu ölkələr içərisində nümunəvi addımı atdı, yaşı 65-dən yuxarı olan məhkumların azad edilməsi haqqında əfv sərəncamı imzaladı. Onların təhlükəsizliyi, sağlamlığı, əmin-amanlığı bizim dövlətimiz üçün çox əhəmiyyətlidir. Əfv olunanlar siyahısında elə insanlar ki, onlar müxtəlif maddələrlə azadlıqdan məhrum edilmişdilər. Ölkə başçısı onları əfv etməklə növbəti dəfə humanizm nümayiş etdirdi”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əfv   Məhkum   Deputat  





Xəbər lenti