Piyadanı vurub qaçan sürücü tutuldu

  29 Mart 2020    Oxunub : 1469
Piyadanı vurub qaçan sürücü tutuldu
Bakının Binəqədi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Azvision.az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumatda bildirilib.

Qeyd olunub ki, martın 26-da saat 23 radələrində Binəqədi rayonu ərazisində paytaxt sakini, 1995-ci il təvəllüdlü Teymur Məmmədov idarə etdiyi “Toyota” markalı 99-VА-966 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Həsən Paşayevi vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi, sürücünün isə hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş istintaqla yol nəqliyyat hadisəsinin T.Məmmədov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, martın 28-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Polis   Sürücü   Prokurorluq