“Əhalinin zərər çəkməməsi üçün bütün imkanlar səfərbər olunub” - Deputat

  25 Mart 2020    Oxunub : 1654
“Əhalinin zərər çəkməməsi üçün bütün imkanlar səfərbər olunub” - Deputat
“Azərbaycan dövləti koronavirus pandemiyasının dünyada vurduğu zərərləri ölkəmizdən sovuşdurmaq məqsədilə çox istiqamətli önləyici tədbirlər görür. Ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün imkanlar səfərbər olunub”.

Azvision.az xəbər verir ki, bunu millət vəkili, politoloq Elşad Mirbəşiroğlu deyib.
Deputat bildirib ki, bu günə qədər görülmüş işlər vaxtında və düzgün atılmış addımlardır: "Qəbul edilmiş konkret qərarlar və yol xəritəsi vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bu mənada Azərbaycan digər ölkələr tərəfindən buraxılan səhvləri təkrarlamadı".

E.Mirbəşiroğlunun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkə iqtisadiyyatını baş verə biləcək neqativ tendensiyalardan qorumaq məqsədilə 1 milyard manat vəsaitin ayrılması indiki məqamda effektiv qabaqlayıcı tədbir kimi qiymətləndirilə bilər:

“Bunlar ölkəmizin dayanıqlı inkişafı və cəmiyyətimizin rifahının qorunması baxımından çox önəmlidir. Bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin. Bu baxımdan xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərdi.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti atdığı bu mütərəqqi addımlarla gələcəkdə pandemik xəstəliklərə qarşı milli fəaliyyət planı formalaşdırmaq üçün böyük təcrübə qazanmış olur. Artıq bu strategiyanın ilkin təməlləri və bəzi zəruri detalları müəyyənləşdirilib. Hesab edirəm ki, ölkə prezidentinin apardığı kompleks xarakterli addımlar yaxın perspektivdə epidemiyalara qarşı preventiv siyasət konsepsiyasının işlənib hazırlanması ilə öz məntiqi töhfəsini verəcək”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Koronavirus   Deputat