Torpaq örtüyünün 97,5 faizi deqradasiyaya məruz qalıb

  17 Fevral 2020    Oxunub : 957
Torpaq örtüyünün 97,5 faizi deqradasiyaya məruz qalıb
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmi seminar keçirilib.
Azvision.az xəbər verir ki, elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri, dosent İsmayıl Quliyev “Samur-Abşeron arası düzən torpaqlarının müxtəlif ekosistemlərdə təbii və antropogen deqradasiyası və torpaqlardan səmərəli istifadə yolları” mövzusunda məruzə edib.

Məruzəçi bildirib ki, təbii amillərlə yanaşı, əhalinin dağlıq bölgələrdən düzənliyə miqrasiyası ilə bağlı örüş və otlaq sahələrinin azalması, torpaqların suvarılması zamanı mütərəqqi texnoloji üsullardan istifadə edilməməsi, yol-nəqliyyat şəbəkəsinin genişlənməsi və digər antropogen amillər Samur-Abşeron arası Xəzərsahili arid torpaqlarını deqradasiyaya məruz qoyub.



Qeyd edək ki, ərazidə tədqiqat aparan alim əsas deqradasiya tiplərini müəyyənləşdirib, cədvəllər, sxem və xəritələr əsasında ərazinin bitki örtüyü, su və külək eroziyası, əhalinin sıxlığı, bioiqlim rayonlaşma, texnogen deqradasiya və antropogen amillərə görə torpaq deqradasiyasının qiymətləndirilməsi işini aparıb. Məlum olub ki, 250,5 hektar (ümumi ərazinin 61,4 faizi) şiddətli və çox şiddətli, 129,6 hektar (ümumi ərazinin 31,3 faizi) mülayim, 20,911 hektar isə (ümumi ərazinin 4,8 faizi) zəif deqradasiya olmaqla, torpaq örtüyünün ümumi ərazisinin 97,5 faizi müxtəlif dərəcədə deqradasiyaya məruz qalıb.

Tədqiqatçı torpaq deqradasiyasına qarşı hazırladığı kompleks tədbirlər planını iclas iştirakçılarına təqdim edib.

Azvision.az

Teqlər: Torpaq   AMEA