“Paşinyan özü etiraf edir ki, Ermənistan işğalçıdır” - Fərid Şəfiyevin şərhi

 “Paşinyan özü etiraf edir ki, Ermənistan işğalçıdır” -  Fərid Şəfiyevin şərhi
  17 Fevral 2020    Oxunub:3000
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunan paneldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında ilk dəfə ictimaiyyət önündə debat təşkil olundu. Canlı yayımda baş tutan debatda Prezident İlham Əliyev Paşinyana əsl tarix və siyasət dərsi keçdi. Bununla da işğalçı Ermənistan növbəti dəfə diplomatik məğlubiyyətə uğradı.
Prezident bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu həqiqəti dolayısı yolla Paşinyan özü də etiraf etmiş oldu.

Münhen debatını Azvision.az -a şərh edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bir neçə mühüm məqama diqqət çəkib. O bildirib ki, Paşinyan debat boyu çıxışını mifologiya üzərində qurub.

“Debatda Nikol Paşinyan mifologiyaya aid “Böyük Ermənistan” ideyasına istinad etdi. Bu, onu göstərir ki, ermənilər tarixi müəyyən olmayan ideyanı 21-ci əsrdə tətbiq etməyə çalışırlar. Elə bunun təsdiqi kimi Paşinyan bir neçə dəfə Tiqran haqqında danışdı. İkinci mühüm məqamda Paşinyan açıq etiraf etdi ki, onun oğlu işğal olunmuş Azərbaycan torpaqlarında hərbi xidmət keçir. Yəni özü etiraf edir ki, Ermənistan işğalçıdır və Azərbaycan torpaqlarını işğal altında saxlayır”.

F.Şəfiyev qeyd edib ki, Paşinyanın "Azərbaycan danışıqları qondarma rejimlə aparmalıdır" fikirləri də digər bir mifologiya nümunəsidir: “Çıxışı boyu Paşinyan Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, BMT-nin qətnamələrinin, beynəlxalq təşkilatların qəbul etdiyi prinsiplərin, o cümlədən konkret Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid olan sənədlərin təhrif olunmasını ört-basdır etməyə çalışdı. Bu da onu göstərir ki, Ermənistan danışıqlarda hər hansı substantiv addımlar atmağa hazır deyil”.

Müsahibin sözlərinə görə, debat zamanı Paşinyan yerli auditoriyaya yönəlmiş bəzi mesajlar vermək istəyib: “Paşinyan demək istəyir ki, Ermənistanın daxilində vəziyyət mürəkkəbdir. Orada kəskin mübarizə gedir. Paşinyan ona görə özünü guya radikal göstərməyə çalışır. Paşinyanın bəyanatları həm də göstərir ki, danışıqlarda hər hansı müsbət mühit yaratmağa xidmət etmir”.

F.Şəfiyev vurğulayıb ki, debatda Azərbaycan Prezidenti İlham Əliyev konkret arqumentlərə, faktlara istinad edərək uğurlu çıxış edib. Dövlət başçısı çıxışında Ermənistanın işğalçı siyasətini tamamilə ifşa edib.

“Paşinyanın mifologiyasından fərqli olaraq ölkə başçısının söylədikləri real fakt idi. Paşinyanın Xocalı soyqırımı ilə bağlı söylədiyi mifologiyaya Prezident İlham Əliyev tutarlı faktlarla cavab verdi. Paşinyanın "Xocalı soyqırımını azərbaycanlılar özü törədib" iddiası Prezident tərəfindən ifşa olundu. Bununla da Paşinyanın saxta iddialar üzərində qurduğu fikirlər tarixi faktlar, sərrast siyasi gedişlərlə zərərsizləşdirildi. Hesab edirəm ki, bu, Paşinyan və onun timsalında Ermənistanın növbəti diplomatik məğlubiyyəti oldu”.

Bundan əlavə, BMTM sədri debatın müsbət məqamlarından da söhbət açıb: “Müsbət məqam odur ki, ölkə rəhbərləri arasında ilk ictimai debat oldu. Sevindirici haldır ki, debatda Azərbaycan tərəfi üstünlüyünü bütün dünya ictimaiyyətinə nümayiş etdirdi. Ermənistan isə yenə köhnə mifologiyalardan əl çəkmədiyini göstərdi. Hesab edirəm ki, gələn dəfə digər səviyyələrdə belə debatların aparılması məqsəduyğun olardı. Orada münaqişənin hansı yolla həll olunması ilə bağlı fikir mübadiləsi aparılsa, yaxşı olar”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Münhen   Paşinyan  





Xəbər lenti