9775 nəfər “Yüksəliş” müsabiqəsinə qəbul edilib

 9775 nəfər “Yüksəliş” müsabiqəsinə qəbul edilib
  07 Fevral 2020    Oxunub:4047
2019-cu il dekabrın 27-dən başlayan mərhələ 2020-ci il fevralın 2-də tamamlanıb. Bu müddətdə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.
Azvision.az xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılan İşçi qrupun rəhbəri, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev müsabiqənin qeydiyyat mərhələsinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müsabiqəyə qəbul edilənlərin 2339 nəfəri qadın, 7436 nəfəri kişidir: "Onların 40 faizi 21-30 yaş (3910 nəfər), 46,95 faizi (4589 nəfər) 31-40 yaş, 13,05 faizi (1276) 41-51 yaş qruplarına daxildir. Müsabiqəyə 1999-cu il təvəllüdlü 28 nəfər, 1990-cı il təvəllüdlü 622, 1968-ci il təvəllüdlü 12 nəfər müraciət edib".

F.Hacıyev bildirib ki, müsabiqəyə 1000 nəfər dövlət qulluqçusu qatılıb.

"Müsabiqəyə ən çox Bakı-Abşeron (53,70%) və Aran (11,42 faiz) zonalarından, ən az Naxçıvan (1,80 %) qatılıblar. Qeydiyyat mərhələsi ərzində müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq, bölgələrdəki şəxslərin müsabiqədə qeydiyyatdan keçmələrinə dəstək olmaq məqsədilə yanvarın 21-31 tarixlərində “Yüksəliş” müsabiqəsinin səyyar qeydiyyat avtobusları bölgələrə səfər edib. 778 şəxs səyyar qeydiyyat vasitəsilə qeydiyyatdan keçib. Ümumilikdə qeydiyyatdan keçənlərin ərazi üzrə bölgüsündə Bakı, Sumqayıt, Gəncə şəhərləri, Lənkəran və Şəki rayonlarından olan namizədlər üstünlük təşkil edir".

Aytən Zəhra
Azvision.az


Teqlər: Fərhad-Hacıyev  





Xəbər lenti