Komitə sədri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb

  31 Yanvar 2020    Oxunub : 1434
Komitə sədri Qazaxıstan nümayəndə heyəti ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı yanvarın 31-də Qazaxıstan Xalqı Assambleyasının (QXA) sədrinin müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Komitədən Azvision.az -a verilən məlumata görə, görüş zamanı eyni köklərə, oxşar mədəniyyətə malik Azərbaycan və Qazaxıstan xalqlarını tarixi dostluq əlaqələrinin bağladığını bildirən DQİDK sədri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, hər iki xalqın liderləri Heydər ƏliyevNursultan Nazarbayev tərəfindən tarixi köklərimizə söykənən dostluq münasibətləri əsasında qurulmuş əlaqələrimizi bu gün Azərbaycan və Qazaxıstanın prezidentləri İlham Əliyev və Kasım-Jomart Tokayev uğurla davam etdirir. Komitə sədri, eyni zamanda Qazaxıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişə ilə bağlı məsələdə həmişə Azərbaycanın haqlı mövqeyini beynəlxalq və regional təşkilatlarda dəstəklədiyini xüsusilə vurğulayıb.

Ölkəmizdəki dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında qonaqları məlumatlandıran Mübariz Qurbanlı qeyd edib ki, son illərdə Azərbaycanda milli-mənəvi dəyərlərimizin qorunması, İslam dininə hörmət və ehtiramın güclənməsi, başqa dinlərə qarşı dözümlülüyün daha da möhkəmləndirilməsi sahəsində xeyli iş görülüb. Dövlət başçımız müxtəlif dinlərə aid tarixi-memarlıq abidələrinin, ibadət və inanc yerlərinin təmiri və bərpası, dini qurumlara maddi yardımların ayrılması ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb.

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri dini radikalizmə qarşı mübarizə sahəsində görülən işlərə toxunaraq, "Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanunun qəbul edilməsinin bu problemlə mübarizədə geniş imkanlar yaratdığını qeyd edib. Həmçinin Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitunun yaradılmasını dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsində mühüm addım kimi dəyərləndirib.

Azərbaycanda mövcud olan dinlərarası harmoniyanı, həmrəyliyi yüksək qiymətləndirən QXA sədrinin müavini, Qazaxıstan Respublikasının Prezidenti Administrasiyasının Qazaxıstan Xalqı Assambleyası Katibliyinin rəhbəri Canseit Tuymebayev də ölkəsindəki dini durum barədə məlumat verib. C. Tuymebayev Qazaxıstanda müxtəlif mədəniyyət və konfessiyaların inkişafı üçün bütün hüquqi və sosial bazanın yaradıldığını, milli və dini zəmində heç bir qarşıdurma halının baş vermədiyini diqqətə çatdırıb.

Görüşdə din sahəsində dövlət siyasətinin aparılması, eləcə də dini radikalizmə qarşı mübarizədə təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovun da iştirak etdiyi görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Dövlət Komitəsinin nəşr etdirdiyi kitablar hədiyyə edilib.

Azvision.az

Teqlər: Komitə