“Şan-şöhrət adamı öldürür, bədbəxt edir”- Xalq şairi ilə səmimi söhbət

“Şan-şöhrət adamı öldürür, bədbəxt edir”-  Xalq şairi ilə səmimi söhbət
  29 Yanvar 2020    Oxunub:11837
“Deputat kiməsə arxalanmamalıdır, yalnız həqiqətləri deməlidir”

Bunu Azvision.az-a Xalq şairi Nəriman Həsənzadə deyib. Əməkdaşımızla həmsöhbət olan görkəmli şair, dramaturq səhhəti və yaradıcılığı barədə sualları cavablandırıb, maraqlı fikirlər səsləndirib.
- Nəriman müəllim, necəsiniz? Səhhətiniz qaydasındadırmı?

- Son günlər qrip məni əldən salıb. Təqsirkar da özüməm, 3 dəfə özümü soyuğa verdim. Cavanlıq etdim, ancaq gördüm ki, yaş artıq sözünü deyir. Hava məni aldatdı. Adamlara aldanırdım, ancaq indi havaya da aldanıram. (gülür)

- Cisminizin soyuğu sevmədiyini anladım. Bəs ruhunuzu oxşayan mövsüm hansıdır?

- Bahar fəslini, xüsusən də mart ayını çox sevirəm. Çünki bu ayda Novruz bayramı qeyd olunur. Xəbəriniz olsun ki, Novruz qədim Babilistandan mövcud olan bayramdır. Abbas Səhhətin dili ilə desək, Novruzda gecə ilə gündüz taraz olur. Dünyada dəyişiklik gedir, yarpaqlar pıçıldayır, təbiət oyanır.

- Qarşıdan doğum gününüz gəlir. 89 yaşa, ömrün yeni çağına qədəm qoyacaqsınız. Geridə qoyduğunuz illərə baxıb, nə fikirləşirsiniz?



- Gör hara, hansı yaşa gəlib çatmışam. Bunu mən də fikirləşirəm. Şairin, yazıçının dərdi, azarı əsərləridir, sujetləridir. Fikirlər hansı əsər yazılacaq, oxunacaq kimi işlərlə məşğuldur. Bu yaşa gəlmişəm, ancaq görürəm ki, hələ heç nə oxumamışam. Dünyada oxumadığım, bilmədiyim nə qədər şey var. Ona görə yaşlı adam az danışır, çünki görür ki, hər şeyi bilmir. Əvvəl çox bilirdi, çox danışırdı. Get-gedə az danışır. Mən də onlardanam.

- Həyatda bizi daha heç nəyin təəccübləndirməyəcəyini düşünürük. Amma bəzən elə şeylər yaşayırıq ki, heyrətimiz qarşısında təslim oluruq.

- Düzgün fikirdir. Eyni şeyləri yaşayırıq. İnsanlar bir-birinə oxşayır. Fərq azdır. Doğrudur, qadın və kişi fərqli yaradılışlardır. Mən qadınlara ilahi varlıq kimi baxıram. Onlar tamam başqa varlıqlardılar.

- Qış xəyallara, xatirələrə dalmaq üçün ən ideal fəsildir. İnsanlar illəri, yaşananları hesaba çəkir, tərəzidə nəyin çox, nəyin az olduğuna nəzər yetirir. Bəs siz bu barədə nə düşünürsünüz?

- O biriləri nə düşünürsə, mən də onu düşünürəm. Yalandan nələrsə deyə bilərəm, ancaq lazım deyil. Kitablarımı çapa verməyə hazırlaşıram. Lakin çatdıra bilmirəm. Vaxtımı alırlar. Bir də gəlirlər ki, Nəriman müəllim, filan kitaba müqəddimə yazın. Axı məni işimdən ayırırlar. Fikrim dağılır. Görürəm ki, ləngiyirəm, ömür də gedir. Tək ömür getmir, əhval-ruhiyyə də gedir.

Şan-şöhrət adamı öldürür, bədbəxt edir. Ora get, bura get və səni boş-boş tərifləsinlər. Özü də eyni tərifi hamıya deyirlər. Televizyadakı verilişlərə baxın, orada hamı dahidir, adi adam yoxdur. Görürsən ki, adamlar haqqında heç oxumayıb danışırlar. Səni görüşə çağırır, amma sənin yardıcılığından xəbəri yoxdur.

- Ətrafınızda dərdləşməyə adi adamlar varmı?

- Əlbəttə, var. Mən elə adilərlə oturub-dururam.

- Son vaxtlar hansı mövzulara toxunmusunuz?

- “Gözüm gözəldə qaldı” adlı məhəbbət, lirik şeirlərdən ibarət kitabım, daha sonra yarımçıq poemam var.

- Deyirlər, sevgi, məhəbbət hər yaşda başqa cür olur. Sevgi şeirlərinin müəllifi kimi bu haqda nə deyə bilərsiniz?

- İnsanın xarakteri necədirsə, sevgisi də elədir. Hərənin məhəbbəti müxtəlifdir. Ayrılanda məhəbbət həsrətə çevrilir. Nazim Hikmət deyirdi ki, insan hər yaşda sevir. Ancaq sevmək və vurulmaq ayrı şeylərdir. Yadıma “Xosrov və Şirin” poeması düşdü. Xosrov Şirinə görüşməyi təklif edəndə Şirin ona arvadı Məryəmi xatırladıb. Xosrov cavabında deyir, “onunla bədənim yaşayır, ürəyimin xəbəri yoxdur”. Bax, budur məhəbbət.

- Azərbaycanda gələn ay parlament seçkiləri keçiriləcək. Sabiq millət vəkili kimi namizədlərə nə tövsiyə etmək istərdiniz?

- Deputat kiməsə arxalanmamalıdır, özü həyatı görməlidir. Azərbaycanı, müstəqilliyimizi, millətimizi qorumalıdır. Bu xalq böyük xalqdır. Deputatlar yalnız həqiqətləri desinlər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Nəriman-Həsənzadə   Xalq-şairi  





Xəbər lenti