Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb - VİDEO+FOTOLAR

   Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb -  VİDEO+FOTOLAR
  15 Yanvar 2020    Oxunub:14160
Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Azvision.az -ın məlumatına görə, mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən strateji dövlət kursunun tətbiqi ardıcıl tarixi sınaqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də milli maraq və mənafelərimizin qarantı olub.



Vurğulanıb ki, dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübə və amillər fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə - iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnmiş, vətəndaş rifahının daha da yüsəldilməsinə hesablanmış bu siyasət ölkəmizin beynəlxalq arenadakı fəal və nüfuzlu mövqeyi ilə uğurlu vəhdət təşkil edib.



İqtisadi sferada sistemli olaraq gerçəkləşdirilən vergi və gömrük siyasətinin optimallaşdırılması, insan kapitalının inkişafı, kiçik və orta sahibkarlığın maliyyə resurslarına əlçatanlığı, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirlər bir tərəfdən makro-iqtisadi mühitin dayaqlarını daha da möhkəmləndirmiş, digər tərəfdən isə kölgə iqtisadiyyatının əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır.



İqtisadi səmərəlilik göstəricilərinin artan tempi ötən il öz müsbət nəticələrini əhalinin sosial müdafiəsi sahəsində də göstərmiş, bu istiqamətdə həyata keçirilmiş islahatlar paketi vasitəsi ilə vətəndaş rifahı naminə əhəmiyyətli addımlar atılıb.

Belə ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının 2 dəfə, müavinətlərin orta hesabla 50 faiz və ya 2 dəfə, pensiyaların 70 faizdən çox artırılması, problemli kreditlərin həlli, o cümlədən qeyri-rəsmi məşğulluğa cəlb edilmiş 153 min vətəndaşla rəsmi əmək müqavilələrinin bağlanmasının təmin edilməsi kimi kölgə iqtisadiyyatına qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb edən tədbirlər və digər oxşar məsələlərlə bağlı görülmüş sistemli fəaliyyət bir daha həyata keçirilən dövlət siyasətinin təməlində vətəndaş amilinin durmasına dəlalət edir.

Xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud vətəndaşların qayğı ilə əhatə olunması və onların reabilitasiya imkanlarının genişləndirilməsi ilə cəmiyyətin həssas təbəqəsinə xitab edən nəcib layihə və təşəbbüsləri bu sahədə görülən işlərin keyfiyyətcə yeni mərhələyə keçid almasına etibarlı zəmin yaradıb.

Eyni zamanda, dövlət başçısının imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanın icrası ilə yeni müstəviyə keçən məhkəmə-hüquq islahatları mövcud sosial-iqtisadi tendensiyanı tamamlamaqla ona paralel aparılan və azad bazar iqtisadiyyatı prinsiplərinin təbiətinə uyğun olan bir konsepsiya şəklində reallaşdırılmaqdadır. Sözügedən aktın qəbulu digər ali məqsədlərlə yanaşı, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkilini, mübahisələrin alternativ həllini, beynəlxalq arbitraj prosedurlarının, habelə vahid məhkəmə təcrübəsinin tətbiqini şərtləndirib.



Hesabat ilində dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter almış, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunmuşdur. Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu–vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 16 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi DOST mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini verib, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb.



Bütün bu nailiyyətlər mötəbər beynəlxalq reytinqlərdə də öz əksini tapmış, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır. “İnklüziv inkişaf indeksi” adlı illik hesabatda Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmiş, habelə Dünya Bankı tərəfindən yayılan “Doing Business 2020” hesabatında Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunmuşdur. Bu müsbət tendensiya ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.

Bütün bu müsbət göstəricilər öz növbəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən üzərinə qoyulmuş vəzifələrin uğurla və daha səmərəli icra edilməsində mühüm rol oynayıb. Ötən il ərzində ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatlar və əldə etdiyi nailiyyətlər bu sahədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar - Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Bununla yanaşı, qeyd olunmuşdur ki, hesabat ilində Baş İdarə tərəfindən vətəndaşların 8447 müraciətinə baxılmış, həmçinin 317 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 231-i (72.90 %) üzrə cinayət işi başlanmış, 86 (27.10 %) material üzrə digər prokuror təsir aktları tətbiq edilib.



Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə daxil olmuş əsasən, yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, 19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmiş, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 19 şəxs cinayət başında yaxalanıb, 17 nəfər axtarışda olan şəxs saxlanılıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 49 cinayət işi başlanıb.

2019-ci il ərzində Baş İdarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.



Həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı oub.

Hesabat dövrü ərzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə 7 cinayət işinin istintaqı tamamlanıb, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.

Eləcə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında» 08 oktyabr 2018-ci il tarixli Fərmanın icrası ilə əlaqədar görülən işlər çərçivəsində Baş İdarə tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin Vahid İnformasiya Bazasının proqram təminatı və istifadə qaydalarına dair təlimatın hazırlanması təmin edilib.



Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83.2 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödənilməsi təmin edilib.

O cümlədən, Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsləri və onlarla cinayət əlaqəsinə girmiş digər şəxslər tərəfindən ayrı-ayrı vətəndaşlara satılmış mənzilləri təkrar satmaqla dələduzluq yolu ilə özgələrinə məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb.



Çıxışında xüsusi aktuallığı ilə seçilən bəzi cinayət işlərinin istintaq gedişatına da toxunan K.Əliyev belə işlərdən biri kimi qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərini pozmaqla saxta spirtli içki istehsalı ilə məşğul olmuş bir qrup sahibkarın son günlər cəmiyyətdə geniş ictimai rezanonsa səbəb olan qanunsuz əməlləri barədə məlumat verərək, Baş İdarə tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq müxtəlif çeşiddə saxta spirtli içkilər istehsal edərək paytaxtda və respublikanın müxtəlif bölgələrində satışını həyata keçirən 4 şəxsin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçildiyini bildirib.

Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri və növbətçi prokurorlar tərəfindən ümumilikdə 717 vətəndaş qəbul edilib.

Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsinin səmərəliliyi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.

Belə ki, əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilərkən 29 halda inzibati pozuntu aşkar edildiyindən, İnzibati Xətalar Məcəlləsinin 192, 198 və 228-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatların başlanması haqqında qərarlar qəbul edilərək, toplanmış materiallar aidiyyəti üzrə müvafiq icra orqanlarına və məhkəmələrə göndərilib.

Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 118 təqdimat göndərilmiş, 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.



Vurğulanıb ki, ötən ildə Baş İdarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında qurulmuş səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşmiş, bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib.

Belə ki, 2019-cu il ərzində Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 32, Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş 25, İqtisadiyyat Nazirliyindən daxil olmuş 21, Dövlət Gömrük Komitəsindən daxil olmuş 7 material əsasında araşdırma aparılıb və bir sıra hallarda cinayət işləri başlanıb.

Dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla, fəaliyyətə başladığı ilk dövrlərdən Baş İdarə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət verib.

Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının monitorinq mexanizmi çərçivəsində IV Dəyərləndirmə Raundu uğurla başa çatdırılıb. Təşkilatın 20-ci monitorinq görüşü zamanı ölkəmiz üzrə İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı Tərəqqi Hesabatı müzakirə edilərək qəbul edilib. Qeyd edilməlidir ki, IV Monitorinq Raund hesabatı üzrə ölkəmizə ünvanlanmış 31 tövsiyədən 21-i uğurla icra edilib.

Bundan başqa, Baş prokurorun müavini - Baş İdarə rəisi ötən il Strasburq şəhərində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 82 və 83-cü Plenar İclasınlarında iştirak etmiş, sonuncu plenar iclasda millət vəkilləri, hakimlər və prokurorlara münasibətdə korrupsiyanın qarşısının alınması tədbirlərinin dəyərləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikasının IV raund dəyərləndirilməsi çərçivəsində Uyğunluq Hesabatı müzakirə edilərək qəbul edilmiş, ölkəmizə ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilib.

Həmin qurumla əməkdaşlıq çərçivəsində ötən il iyunun 17-də Strasburq şəhərində GRECO-nun yaradılmasının 20 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda iştirak etmiş Baş İdarə rəisi Kamran Əliyev çıxışında cari məsələlərlə yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə də 3 aprel 2019-cu tarixli Fərmandan irəli gələn vəzifələr barədə məlumat vermiş, bu islahatların insan hüquqları və qanunçuluğun qorunması, dövlət idarəçiliyində şəffaflığın artırılması istiqamətində mühüm addım olduğunu bildirib.



Həmçinin, dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiyasiyası ilə uzun illər davam edən əməkdaşlığın uğurlu nəticələri 2019-cu ildə də özünü göstərmiş, belə ki, Buenos-Ayres şəhərində BPA-nın İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü İllik Konfransı və Ümumi Yığıncağında həmin təşkilatın İcraiyyə Komitəsinin təklifi ilə Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralov ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin edilməsində xidmətləri və BPA-nın inkişafına verdiyi töhfələr, qurumla Azərbaycan prokurorluğu arasında işgüzar münasibətlərin yaradılmasında məhsuldar fəaliyyəti nəzərə alınmaqla Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək mükafatı ilə təltif edilmiş - qurumun fəxri üzvü seçilib.

Ötən il ərzində Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülmüş, Baş İdarə ilə Buenos-Ayres Muxtar Vilayətinin prokurorluğu və Tunisin Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Xidməti arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları, həmçinin Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə Akademiyanın Təlimləri üzrə Magistr proqramının növbəti modulunun 2020-ci ilin aprel ayında Bakı şəhərində keçirilməsinə dair müvafiq sənəd imzalanıb.

Bundan əlavə, Özbəkistan, Belarus, Türkiyə, Çin, Litva, Qırğızıstan və digər ölkələrin anti-korrupsiya və əlaqədar hüquq-mühafizə orqanlarının nümayəndə heyətləri təcrübə mübadiləsi məqsədilə Baş İdarəyə səfər edib.

Bundan başqa, Beynəlxalq Anti-Korrupsiya Qurumlarının Assosiasiyasının (IAACA), Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Beynəlxalq Anti-Korrupsiya Akademiyasi (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilib, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin edilmiş, dövri olaraq mətbuatda korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə dair məqalələrlə çıxışlar edilib.

Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Ceyhun Kazımov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq 2019-cu ildə də korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlərin uğurla davam etdirildiyini bildirib.

Çıxışda ötən illərdə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planlarının icrasının dövlət orqanları tərəfindən yüksək faizlə yerinə yetirildiyi, hazırda da Azərbaycan Açıq Hökumət Platforması Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması istiqamətində işlərin aparıldığı qeyd olunub.

Həmçinin korrupsiyanın qarşısının alınması sahəsində maarifləndirmənin rolunun artırılması məqsədilə “Azərbaycan Anti-Korrupsiya Akademiyası” layihəsi çərçivəsində dövlət qurumlarının əməkdaşlarına müxtəlif istiqamətlər üzrə çoxsaylı təlimlər keçirildiyi, təşkilatın fəaliyyətinin bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən də dəstəkləndiyi diqqətə çatdırılıb.

Ceyhun Kazımov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzləri və DOST mərkəzlərinin sayının və fəaliyyət coğrafiyasının genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.

C.Kazımov çıxışında qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə möhtərəm cənab Prezidentin 2019-cu ilin yekunları ilə bağlı müşavirədəki çıxışında qeyd olunan xüsusatları diqqətə çatdırıb və bu prosesə digər dövlət orqanları ilə yanaşı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə fəaliyyətinin də əhəmiyyətli təsiri olduğunu bildirib. Bununla yanaşı dövlət başçısının həmin müşavirədə bu istiqamətdə verdiyi tapşırıqların gələcək fəaliyyətdə də rəhbər tutulmalı olduğu və kölgə iqtisadiyyatından çıxmaqla bağlı digər qurumlarla da koordinasiya işlərinin zəruriliyi qeyd edilib.

Prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi 2019-cu ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizənin uğurla davam etdirildiyini, müsbət nəticələr əldə olunduğunu bildirən C.Kazımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 23-də ilin yekunları ilə bağlı geniş müsahibəsində və yanvarın 13-də ilin yekunlarına həsr olunmuş müşavirədə yerli icra orqanlarının yüksək vəzifəli məmurlarının işsizliyin qarşısının alınması üçün ödənişli ictimai iş yerinin yaradılması ilə bağlı proqramın icrasında yol verdiyi pozuntular və digər neqativ hallarla mübarizəni xüsusilə vurğuladığını qeyd etmiş, vəzifəli şəxslər tərəfindən törədilmiş digər qanunsuz əməllərə qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyinə dair dövlət başçısının proqram xarakterli qətiyyətli mövqeyinin gələcək fəaliyyətdə də daim rəhbər tutulmalı olduğunu bildirib.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2019-cu il ərzində gördüyü işləri müsbət dəyərləndiriblər.

Mətbuat konfransında Prezident cənab İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində tövsiyə və göstərişlərinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin ediləcəyi xüsusi vurğulanıb.

Tədbirin sonunda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılıb, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ictimaiyyətin maarifləndirilməsi sahəsində görülən işlər çərçivəsində yeni nəşr edilib, özündə bu sahənin nəzəri və praktiki aspektlərini, istiqamətlərini ehtiva edən “Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri və hədəflər” adlı məqalələr toplusunun təqdimatı keçirilib.

Anar Kəlbiyev
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Korrupsiya   Hesabat   Tədbir  





Xəbər lenti